AZAL-dan "dərin mənalı" paylaşım: Narazılıqlara sətiraltı cavab verdi!

00:12 24 İyun 2022

Məlumdur ki, son zamanlar ölkədə aviasiya bazarının yeganə oyunçusu olan AZAL-ın təyyarə biletlərinin baha olması cəmiyyətdə çox böyük narazılıqlara səbəb olub. Xüsusən də quru sərhədlərinin açılmaması səbəbindən əhalinin əksər hissəsi AZAL-ın xidmətlərindən istifadə etmək məcburiyyətində qalır və bununla narazılıq daha da böyüyür. Son vaxtlar bu müzakirələr Milli Məclisə də keçdi. 

Sitat.info xəbər verir ki, bütün bu məsələlərə isə bu gün gecə saatlarında AZAL-ın sosial şəbəkə hesabında belə bir cavab verilib. 

"Çətinliklər sizdən əl çəkməyəndə, unutmayın ki, təyyarə küləyin əksi istiqamətində uçur" . 

Paylaşım sosial şəbəkədə böyük səy-küyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri posta  300-ə yaxın şərh yazıb. Şərh yazanlar bu sözləri əhaliyə verilən sətiraltı cavab kimi qiymətləndiriblər. Yəni, nə qədər tənqid etsəniz də tutduğumuz yoldan dönən deyilik. 

İstifadəçilər "Ədəbiyyata ehtiyac yoxdur, siz biletləri ucuzlaşdırın" -deyə cavab yazıblar. 

Digər bir istifadəçi isə belə şərh yazıb: "Çətinliklər bizdən əl çəkməyəndə gedib Gürcüstandan uçuruq. Maraqlıdır yanacağı bizdən alan Gürcüstanda necə olur ki, qiymətlər bizdən ucuz olur?" 

Lamiyə,

SİTAT.İNFO



Xəbər xətti