Bakının “fəhlə bazarları” yoxa çıxır: Qarabağa çörək və ümid dalınca gedirlər...  FOTOREPORTAJ

11:58 28 İyun 2022

Yolumun üstüdür, illərdir ki, hər gün buradan keçirəm. Hər zaman körüpünün altında toplaşan, gözlərinin yola dikib iş gözləyən  insanların durumu məni narhat edir. Amma son vaxtlar körpünün altındakı qələbəlik azalıb. Az sayda fəhlələr gözə dəyir. Bəs o qalan işsiz kütlənin taleyi necə oldu?

Sitat.info-nun əməkdaşı kimi, bu sualın izi ilə fəhlə bazarına yollandıq.

Öyrəndik ki, əvvəllər burada iş axtaranların, günəmuzd işləyənlərin çoxu Qarabağda aparılan tikinti-quruculuq işlərinə cəlb edilib. Artıq bu insanlar bir tikə çörək üçün yolun ortasında gözləmirlər. Hər gün evdən avadanlıqlarını götürüb ümidsiz şəkildə yola düzəlmirlər. Həm qazanclı, həm də müqəddəs bir işlə məşğuldurlar. Bir tərəfdən halal ruzi qazanır, digər tərəfdən Qarabağda qurub -yaradır, düşmənin izini silir, görülən işlərə imzalarını atırlar.

Biz isə onların Bakıdakı həmkarları ilə söhbət oluruq.

10 ildir ki, fəhlə işləyən Camal Əkbərov deyir ki, artıq Bakıda bəzi peşə sahiblərini tapmaq çətinləşib: “Fəhlə və ustaların çoxu Qarabağda işləməyə gediblər. Santexnik, qalayçı, bənna, və sairə peşə sahibləri Qarabağda çalışırlar. Onu da deyim ki, işləməyə gedənlər əsasən cavanlardır. Eşitdiyimizə görə, yaxşı da maaş alırlar. Ayda 800-1000 manat alanlar da var”.

Yaşlı və orta yaşlı insanlar isə gileylənirlər: “Biz də Qarabağda işləməyə getmək istəyirik. Burada gündəlik 20-30 manat qazancımız olur. Ancaq stabil deyil. Elə gün olur ki, iş olmur. Həftədə 3-4 gün iş düşür. Aylıq gəlirimiz 400-500 manata çıxır. Ancaq biz də müqəddəs torpaqlarımızı görməyə, orada işləməyə getmək istəyirik. Stabil əmək haqqı verəsələr, böyük məmnuniyyətlə gedərik. Ancaq bizim də yaşımız keçib, çətin bizi aparalar”.

Sahib adlı fəhlə ilə maraqlı dialoqumuz da yaşandı. Deyir ki, Şuaşanı görmək, orada iş qurmaq istəyir: “Uzun müddət çörək sexində işləmişəm. Çörək bişirməyin qaydasını yaxşı bilirəm. Yaxşı da qazanırdım. Sexdə ixtisarlar oldu, işdən çıxartdılar. İndi gündəlik 15-20 manat qazanıram. Əsasən əl-ayaq işlərinə gedirəm. Kim nə verdi odur. İnsanların insafına qalmışam. Əlimin zəhməti ilə pul qazanıram. Qarabağa getməyi planlaşdırıram. Şuşada işləmək istəyərdim, bir balaca çörək sexim olsun, əsgərimizə, zabitimizə, orada işləyən qardaşlarıma ətirli çörək bişirim. İnşallah, bu arzumu yerinə yetirəcəm. İşğaldan azad olunan rayonlarımızın birində bu arzumu gerçəkləşdirəcəm. Bizə də Qarabağda iş versinlər”.

Səid İsaoğlu

Fotolar müəllifindir,

SİTAT.İNFO




Xəbər xətti