"Paşinyanın vəziyyəti ikili, üçlü vəziyyətdir. Bir tərəfdən reallıqla hesablaşmağa məcburdur. Başa düşür ki, Azərbaycan qalibdir, Türkiyə Azərbaycanın tərəfindədir. Rusiyanın da müəyyən məsələlərdə Azərbaycanla maraqları üst-üstə düşür. Ona görə də ziddiyyətli açıqlama verir".
Bu sözləri Sitat.info-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, son zamanlar Laçın yoluna alternativ yolun çəkilişi ilə bağlı Ermənistan cəmiyyətində də hay-küy salıblar: " Oraya Suriyadan, Livandan gətirilən ermənilər də hay-küy salır və çıxmaq istəmirlər. Bu gün də açıqlama vermişdilər ki, çıxmaq istəmirik. Bununla bağlı vəziyyət biraz gərgindir. Amma Paşinyan bu məsələdə aydın bir mövqe ortaya qoyur ki, həmin ərazilər Azərbaycan ərazisidir. 10 noyabr 2020-ci il razılaşmasında Paşinyan Laçın rayonun Azərbaycana qaytarılmasına imza atıb. O imzasını yerinə yetirməlidir. Rusiya da həmin razılaşmaya təminat verir. Yeni yol çəkiləndən sonra Laçın rayonu və digər bütün ərazilər, eləcə də yeni yolun çəkildiyi ərazilər Azərbaycanın idarəçiliyinə veriləcək. Bunun başqa yolu yoxdur. Buna rəğmən ermənilər nəyisə əllərində saxlamağa nail olmağa çalışırlar".
QAT sədri bildirdi ki, status məsələsində İrəvanla Moskva əlbir hərəkət edir: “Dağlıq Qarabağ Muxtar Vilayəti” dedikləri ərazi ilə bağlı mövqelərini qəbul etdirməyə çalışırlar. Burada da Rusiya ilə Ermənistanın mövqeyi üst-üstə düşür. Rusiya çalışır ki, regionda qalsın. Orada ermənilərin bir qurumu, onların mövcudluğu olmasa Rusiya sülhməramlılarının qalması da çətin olar. Ona görə də, Rusiya sülhməramlılarının qalması üçün ona çalışırlar. Paşinyan bu səbəbdən ziddiyyətli açıqlamalar verir. Azərbaycan isə öz mövqeyində israrlıdır. Qarabağda hər hansı bir qurumdan söhbət gedə bilməz. Heç bir status məsələsi olmayacaq".
A.Nağı vurğuladı ki, nəqliyyat və yol məsələlərində artıq tərəflər razılaşıblar, bununla bağlı açıqlamalar da verilib: "Rusiyanın da, Ermənistanın da XİN rəhbərlərinin açıqlamalarında qeyd olunur ki, yol açılmalıdır, hazırda texniki dəqiqləşdirmələr gedir. Bu yolun işləməsi təkcə Ermənistan-Azərbaycan məsələsi deyil, orada bir çox dövlətlərin marağı var. Sadəcə Ermənistan bu məsələni uzadıb oradakı ermənilərə hansısa status əldə etməyə çalışır. Məsələnin ziddiyyətli tərəfi bundan ibarətdir. Azərbaycan Naxçıvandan ölkənin digər ərazilərinə gedən yolun açılması ilə bağlı mövqeyini bildirib, hazırda iş gedir, yol çəkilir. Zəngilan istiqamətində yol çəkilişinin 60-65 faizi həyata keçirilib. Azərbaycan müəyyən bir müddətdən sonra artıq Ermənistanla sərhəddə çıxacaq. O biri tərəfdə isə ermənilər bu işləri görməlidirlər, ancaq etmirlər. Belə bir məqamda Paşinyan bu ziddiyyətli açıqlamalarla çıxış edir və nəyisə qopartmağa çalışır. Azərbaycanın isə mövqeyi dəqiqdir, Türkiyə də bizim mövqeyimizdə israr edir, Rusiya da bu mövqe ilə hesablaşır. Ona görə də böyük ehtimalla ermənilər nə qədər müqavimət göstərsələr də, heç bir dəyişikliyə nail ola bilməyəcəklər. Azərbaycan 10 noyabr razılaşmasının tam şəkildə həyata keçirilməsinə nail olacaq".
Nigar Abuzər,
SİTAT.İNFO