Xəbər verdiyimiz kimi, Türkiyə-İsveç-Finlandiya arasında imzalanan Birgə Momerandumla “Finlandiya və İsveçin Türkiyədə PYD/YPG və FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcəyi” razılaşdırılıb, qarşılığında Türkiyə bu iki dövlətin NATO-ya üzv olmasına razılıq verin. Bu isə dünya mətbuatında Türkiyə Prezidenti R.T.Ərdoğanın qələbəsi kimi qiymətləndirilib.
Mövzu ilə bağlı Sitat.info-ya danışan politoloq Tural İsmayılov bildirdi ki, Türkiyənin İsveç və Finladiyanın NATO-ya üzvlüklə bağlı verdiyi razılığın tarixi əhəmiyyəti var: “Bunu bir neçə rakursdan qiymətləndirə bilərik. Bu gün Türkiyə regional geostrateji mövqelərini daha da gücləndirərək, qlobal siyasi güc mərkəzlərindən birinə çevrilib. Konkret olaraq, dünyanın ən böyük və ən önəmli hərbi birləşmələrindən biri olan NATO-da Türkiyəyə sanksiya qərarının alınması da qeyri-mümkündür. Xüsusilə, son illərdə Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçu təşkilatların nümayəndələrinin qaçıb gizləndiyi Şimali Avropa ölkələrinin Ankaradan razılıq almaq üçün uzun müddətdir böyük cəhdlər göstərməyi də Ankaranın dünya siyasi arenasındakı rolunun nə qədər artdığını bir daha nümayiş etdirdi. Həmçinin, bu günə qədər PKK-çılara və FETÖ-çülərə məskən halına gələn İsveç və Finlandiya bu məsələdə artıq Türkiyə ilə ortaq addım atacağını vurğulayıb".
T.İsmayılovun fikrincə, yəqin ki, Türkiyə İsveç və Finlandiyadan böyük zəmanətlər alıb ki, onların NATO-ya üzvlük məsələsinə razılıq verib: "Fikrimcə, İsveç və Finlandiya onlara sığınmış terrorçuları Türkiyəyə təhvil verəcək. Buna baxmayaraq, sözügedən ölkələrin tezliklə alyansa üzv olacaqlarını da düşünmürəm”.
Politoloqun sözlərinə görə, Rusiyanı daha da aqressivləşdirməmək üçün hər iki Şimali Avropa ölkəsinin NATO-ya tam olaraq üzvlük məsələsi tezliklə reallaşmayacaq: “Lakin bu baş versə belə, Vladimir Putinin meydanda tam tək qalmasına səbəb olmayacaq. Nəzərə almaq lazımdır ki, İsveç və Finlandiya Rusiya ilə münasibətlərində ehtiyatlı münasibət sərgiləsə də, bütövlükdə Moskva ilə münasibətlərini heç vaxt sona qədər korlamayıblar. Hesab edirəm ki, Rusiya İsveç və Finlandiyanın NATO-ya üzv olmasına o qədər də kəskin reaksiya verməyəcək. Üstəlik, hazırki Rusiya-Ukrayna müharibəsi konteksində İsveç və Finlandiyanın qısa zamanda alyansa üzvlüyü real görünmür”.
Ləman Sərvanqızı
SİTAT.İNFO