"Qətiyyən ruslara Azərbaycan ərazilərinə giriş-çıxışa nəzarəti həvalə etməməliyik" - Hərbi ekspert alternativ yoldan DANIŞDI

17:40 29 İyun 2022

"Alternativ yolun ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Yalnız bundan sonra Rusiya sülhməramlıları və Laçın dəhlizində onlara aid olan infrastrukturun alternativ yola daşınması mümkün olacaq. Proseslərin gələn ilin mayına qədər başa çatacağını demişdik. Bu yola nəzarət məsələsinə gəlincə, hələlik bu haqda heç bir razılaşma yoxdur".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert  hesab edirəm ki, Laçın dəhlizinə nəzarət edən rus sülhməramlılarının başımıza gətirdikləri oyunlardan nəticə çıxararaq, Azərbaycan tərəfi heç bir halda növbəti alternativ yolda rusların nəzarət-buraxılış məntəqəsini təkbaşına idarəetmələrinə, giriş-çıxışa təkbaşına nəzarət etmələrinə icazə verməməlidir: "Mümkünsə bunu təkbaşına Azərbaycan tərəfi etməlidir. Çünki gec-tez sülhməramlılar gedəcək, onların fəaliyyət müddəti 2025-ci ildə başa çatır. Əvvəl-axır bu ərazilərə Azərbaycan özü nəzarət etməli olacaq. Buna görə də indidən bunu Azərbaycan olaraq təkbaşına həyata keçirməliyik. Mümkün olmadıqda isə ya biz rus sülhməramlıları ilə birlikdə, ya da Türkiyə əsgərləri sülhməramlılarla birgə həyata keçirməlidirlər".

Ə.Verdiyev bir daha vurğuladı ki, qətiyyən ruslara Azərbaycan ərazilərinə giriş-çıxış rejiminə nəzarəti həvalə etməməliyik: "Onlar bundan kifayət qədər ciddi pozuntularla su istifadə edirlər. Ona görə də bu məsələnin həllini indidən həyata keçirməliyik. Rusiya sülhməramlıları atəşkəsə nəzarət funksiyası üçün buraya dəvət ediliblər. Onların giriş-çıxış rejiminə nəzarət etməsi ümumiyyətlə beynəlxalq təcrübəyə də uyğun deyil".

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti