Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edərkən, İrəvan təxribatlarından geri qalmır. Bir tərəfdən özünü sülhpərvər kimi göstərib Azərbaycanı növbəti müharibəyə hazırlaşmaqda ittiham edir,, digər tərəfdən isə atəşkəsi pozur. Üstəgəl alternativ yolun çəkilməsi ilə əlaqədar Laçın dəhlizinin, oradakı özbaşınalığın, "rahatlığın" əllərindən çıxacağını hiss edən separatçı ermənilər də hay-küy qaldırıb.
Mövzu ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi, Ağ Partiya sözçüsü Cavanşir Abbaslı bildirdi ki, əslində mövcud situasiya gözlənilən idi: "Xatırlayıraınızsa, 10 noyabr anlaşmasından sonra xalq arasında Ermənistanın üzərinə götürdüyü öhdəliklərə sadiq qalmayacağı ilə bağlı bir narahatlıq yaranmışdı və bu istiqamətdə çoxsaylı fikirlər səslənirdi. Hər kəsin də düşündüyü baş verdi. Artıq müharibənin bitməsindən 1 il 8 aya yaxın vaxt keçir və bu müddət ərzində ermənilər xislətlərinə uyğun şəkildə sülh razılaşmasının əldə olunmaması üçün, zamanı uzatmaq üçün bütün iyrənc yollara əl atırlar. Burada üçüncü tərəf kimi 10 noyabr bəyanatına imza atan Rusiyanın oynadığı ikibaşlı rol da erməniləri bir növ buna sövq edir".
C.Abbaslı bildirdi ki, Ermənistan tərəfin həm sülh danışıqları aparması, həm də atəşkəsi pozması Paşinyan hökumətinin rəqiblərinə, yəni revanşistlərə məğlub olmamaq üçün etdiyi cəhdlərdən biridir: "Erməni baş nazirin başqa yolu da qalmayıb. O düşünür ki, sülh sazişinə getməsi iqtidarının sonunu gətirə bilər. Adicə bir faktı deyim. Paşinyan iyunun 28-də keçirdiyi mətbuat konfransında Laçın şəhəri, həmçinin Zabux və Sis kəndlərinin Azərbaycanın nəzarətinə keçəcəyini açıqlayandan dərhal sonra iyulun 1-də ona qarşı İrəvanda mitinq təyin olundu. Görün indi sülh müqaviləsi əldə edilsə, nələr baş verər. Düşünürəm ki, bu proseslər o qədər də uzun çəkməyəcək və çəkə də bilməz. Əvvəl-axır Ermənistan sülh masasına oturacaq və tarixi sülh sazişinə imza atmağa məcbur olacaq. Sadəcə Azərbaycan tərəfi bunu bir qədər tezləşdirə bilər".
Siyasi şərhçi vurğuladı ki, bunun üçün hətta erməni tərəfə konkret vaxt da verilməlidir: "Vaxt bitəndən sonra əməl etməsələr, Dəmir Yumruğun növbəti dəfə işə salınacağı qəti şəkildə bildirməlidir. Ermənilərin heç bir savaş aparacaq halları qalmayıb. 44 günlük savaş onların bütün gücünü alıb... Onu da qeyd edim ki, Qarabağdakı erməni terrorçularını təmizləmək üçün Azərbaycan tərəfin antiterror əməliyyatı aparmasının vacibliyi hər keçən gün artmaqdadır. Bu il üzrə bu əməliyyatı aparmalı və erməni separatçıları tamamilə tarixi torpaqlarımızdan çıxarmalıyıq. Rusiyanın başı zatən Ukraynada özünə qarışıb. Bu amil də burada müəyyən dərəcədə rol oynaya bilər. Deyə bilmərəm ki Rusiya sakit dayanacaq, amma əvvəlki kimi də təsir edə bilməyəcək. Bir də unutmayaq ki, bizim yanımızda qardaş Türkiyə kimi güclü bir faktor da dayanıb. Bu amil deyərdim ki, burada həlledicidir...".
Nigar Abuzər
SİTAT.İNFO