"İndiyə kimi Rusiyanın əsas təbliğatçısı hesab olunan Vladimir Solovyov əvvəllər bir neçə dəfə olduğu kimi yenə xislətini ortaya qoyub. Belə ki, o, “Polnıy kontakt” (“Tam təmas”) verilişinə Azərbaycanın satqın vətəndaşı, qondarma respublikanın başçısı, separatçı David Babayan adlı araqarışdıran “siyasətşünas”ı dəvət edib. Doğrudur, o, sonradan iki dəfə üzr istədi. Amma artıq "ox yaydan çıxmışdı".
Bu sözləri siyasi şərhçi Kənan Novruzov Sitat.info-ya açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Solovyov sözügedən addımı ilə Rusiya və Azərbaycan arasında münasibətlərə zərbə vurur: " Belə ki, iki qonşu ölkə arasında imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” həm də bu cür dekonstruktiv addımların gələcəkdə təkrarlanmamasını nəzərdə tuturdu. Əlbəttə, Solovyov sənədlərin tələblərini yaxşı bilir. Yəni onun bu addımını təsadüfi hesab etmək olmaz. Əksinə, adı çəkilən siyasətçi tamamilə məqsədli şəkildə Babayanı verilişinə dəvət edib. Sual yaranır: əgər o, həqiqətən, Rusiyanın təbliğatçısıdırsa, niyə belə addım atır? Kremlin Ukraynaya ilə müharibə səbəbindən sivil dünyadan təcrid olunduğu bir vaxtda niyə dövlətini daha da pis vəziyyətdə qoyur? Görünür, Solovyov tamamilə başqa qüvvələrin, bəlkə də, Rusiya daxilindəki "V kolon"un və ya Moskvaya "qənim kəsilən" Qərbin ruporudur".
K.Novruzov hesab edir ki, hər halda Rusiyanın maraqlarından çıxış etmədiyi aydındır: "Beləliklə, Solovyov əslində özünü ifşa edib. İndi Rusiya hakimiyyəti mütləq bu məsələyə aydınlıq gətirməli, Solovyovu hansısa formada cəzalandırmalıdır. Prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov deməlidirlər ki, biz Solovyovu tanımırıq. Hətta "Tam təmas" verilişinin yayımı da dayandırılmalıdır. Əks halda haqlı olaraq bizdə şübhə yarana bilər ki, bu, Moskvanın "nəbzi yoxlamaq" üçün qurduğu oyundur. Bu ssenari isə indiki halda Rusiyaya heç sərf etmir. Çünki Moskvanın, həm savaş, həm Cənubi Qafqazdakı siyasi maraqlar baxımından indi Bakıya çox ehtiyacı var. İndi şimal qonşumuz "gözü kölgəli" olsa, regionda daha da zəifləyəcək və "ofsaytda" olacaq".
Safura Bənnayeva
SİTAT.İNFO