Laçının təhvil verilməsini eşidən ermənilər şəhərdə soyğun, talan və yanğınlar törədirlər. Kəlbəcərdə olduğu kimi Laçında da vəhşiliklərini göstərirlər. Bəs sülhməramlılar öz nəzarətində olduğu bölgələrdə belə özbaşınalıq hallarına niyə icazə verir? Azərbaycan bu halda hansı tədbirləri görməlidir?
Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi ki, ermənilər bu halda da özlərinin vandallıqlarını göstərirlər: "2020-ci ildə 3 tərəfli razılaşmaya görə, ermənilər Kəlbəcər və Laçını tərk etməli idilər. Xüsusən, Kəlbəcəri tərk edərkən çox böyük vəhşiliklər törətdilər. Evləri yandırdılar, əşyaların hamısını apardılar, nə qaldısa, yandırdılar. Bu həm onların xarakteridir , həm də müvəqqəti olduqlarını başa düşdüklərinin göstəricisidir. İstəyirlər ki, Azərbaycana ziyan vursunlar, onlardan sonra heç nə salamat qalmasın. Belə bir əhval-ruhiyyə ilə bu addımı atırlar”.
Akif Nağı sülhməramlıların bu məsələ ilə bağlı araşdırma aparıb, durumu nəzarətdə saxlamalı olduqlarını qeyd etdi: "Ermənilər yandırıb dağıtmasınlar deyə, sülhməramlılar hər evin yanına 1-2 əsgər qoya bilməzlər. Sülhməramlılar bu vəziyyətin qarşısının alınması üçün, günahkarları tapıb cəzalandırmalıdırlar ki, başqaları bu addımı atmasınlar. Görünür, sülhməramlılar da bunda maraqlıdırlar, özləri şərait yaradırlar. Kimlərinsə marağı var ki, evləri oğurlasın onlarla bölüşsün. Hər şey ola bilər”.
QAT sədri vurğuladı ki, Azərbaycan tərəfi sülhməramlıların qarşısına vəzifə qoymalıdır: "İndiyə qədər orada evlərin vəziyəti necə idisə, Azərbaycana həmin vəziyətdə təhvil verilməlidir . Əgər verilmirsə, onun məsuliyyətini sülhməramlılar çəkir. Azərbaycan dəyən ziyanı sülhməramlıların və Rusiyanın üzərinə qoymalıdır, çünki onların nəzarətindədir. Azərbaycan bu formada mövqe tutmalıdır”.