Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Azərbaycan və Ermənistan parlament üzvlərinin Tbilisidə görüşünün keçirilməsini təklif edib. O, Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyasının son iclasında çıxışında regiona sülhün təşviq etmək məqsədilə belə bir görüşə ev sahibliyi etməyə hazır olduğunu bildirib. Bu təklifin Cənubi Qafqazda sülhün təmin edilməsi istiqamətində mühüm əhəmiyyəti var.
Mövzunu SİTAT.İNFO üçün şərh edən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, hətta görüş baş tutmasa belə, gürcüstanlı deputatın fikirləri özü - özlüyündə regional əməkdaşlıq aurasının gündəmdə qalmasına töhfədir: "Nikoloz Samxaradze çıxışı ilə əslində həm də xatırladıb ki, Bakı və İrəvan arasındakı münasibətlər ikitərəfli yox, regional xarakter daşıyır. Şübhəsiz ki, Azərbaycan və Ermənistan parlamentariləri bu təklifi müsbət qiymətləndirməlidirlər. Və ən yaxın zamanda belə bir görüş baş tutmalıdır. Nəticədə ilk növbədə etimad mühitinin inkişafı üçün əlavə imkanlar yaranacaq".
K.Novruzov hesab edir ki, Ermənistan tərəfinin sərhədin müxtəlif istiqamətlərində törətdikləri təxribatlara aydınlıq gətirmək fürsəti yaranacaq: "Eyni zamanda Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası prosesinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması ilə paralel getməsi üçün növbəti lazımi şərait yaranacaq: "Ermənistan, həqiqətən, regional əməkdaşlıqda, əlaqələrin normallaşmasında maraqlıdırsa, onda bu görüşə razılıq verməlidir. Yox, əgər erməni deputatlar təklifdən imtina etsələr, onda xislətlərini ortaya qoymuş olacaqlar".
Siyasi şərhçi hesab edir ki, ehtimal edilən görüş Ermənistanın sərhəddəki təxribatlara aydınlıq gətirməsi üçün də yaxşı fürsətdir: "Erməni deputatlar deyə bilərlər ki, provokasiyalar iqtidarın yox, "Qarabağ klanı"nın və ya kənar güclərin işidir. Lakin bu, o qədər inandırıcı deyil. Çünki Ermənistan Baş naziri Nikol Paşinyan, təxribatlarda maraqlı olmasa idi, atəşkəsin son bir ay ərzində, az qala, hər gün pozulmasına imkan verməzdi. Axı söhbət onun siyasi taleyindən gedir. Beləliklə, təklif olunan görüşün ən azı yaxın gələcəkdə reallaşacağı, Ermənistanın buna razılıq verəcəyi ağlabatan olmasa da, bu, onlar üçün son şanslardan biridir".
Ləman
SİTAT.İNFO