"Rəsmi Kiyevin son zamanlar Türkiyəyə münasibəti bir qədər dəyişib. Kiyev şübhələnir ki, Rusiya Ukraynadan oğurladığı taxılı Türkiyənin limanlarına daşıyır və guya Ankara buna göz yumur. Bu məsələ ilə bağlı Türkiyənin səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağrılıb. Ukraynanın Türkiyədəki səfiri də son zamanlar iki ölkə arasındakı münasibətlərdə suallar yaradan məqamlara toxunub".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Ukraynaya silah və hərbi texnika satmadığı dönəmdə Ankara Kiyevə əlini uzatdı, bu ölkəyə pilotsuz uçuş aparatlarını satdı: "Ukraynaya humanitar yardım məsələsində də Türkiyə o biri ölkələrdən geri qalmadı. Türkiyə Ukrayna taxılının təhlükəsiz şəkildə dünya bazarlarına çatdırılması məsələsində vasitəçiliyini təklif edib. Ankara Krımın ilhaqını birmənalı şəkildi tanımır və türkiyəli rəsmilər bunu hər dəfə vurğulayırlar. Buna baxmayaraq, Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb, bunun siyasi və iqtisadi səbəbləri barədə dəfələrlə yazılıb və deyilib. Kiyevdə anlamalıdırlar ki, Türkiyə-Ukrayna münasibətlərinin soyuması birinci növbədə Kremlin maraqlarına cavab verir və Moskvaya belə şansı vermək olmaz".
E.Şahinoğlu hesab edir ki, Azərbaycan Rusiya ilə münasibətlərini gərginləşdirə bilməz: "Ukraynanın internet kanallarından biri məndən müsahibə götürərkən belə bir sual verdi: “Azərbaycan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula bilərmi?” Azərbaycan-Rusiya münasibətlərində ciddi sualların olduğunu detalları ilə anlatsam da, Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmasının mümkün olmadığını izah etdim. Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşularsa avtomatik şimal qonşusu ilə münasibətlərin daha da gərginləşməsinə yol açacaq. Gürcüstan NATO və Avropa Birliyinin üzvü olmaq istəyir, ancaq Tiflis belə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Türkiyə və Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, simpatiyalarımız işğala qarşı mübarizə aparan Ukrayna tərəfdədir, ancaq Kiyevdə anlamalıdırlar ki, Türkiyə və Azərbaycan milli və təhlükəsizlik maraqlarından kənara çıxa bilməzlər".
Lamiyə,
SİTAT.İNFO