"2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ildə SOCAR-ın cəmi borcu 4 milyard 237 milyon manat və ya 24,7% artıb. Bu ilin yanvar ayının 1-nə SOCAR-ın ümumi borcları 21 milyard 366 milyon manat təşkil edib (12,6 mlrd. dollar). SOCAR-ın 21 milyard 366 milyon manat borcunun 15 milyard 501 milyon manatını uzunmüddətli, 5 milyard 865 milyon manatını qısamüddətli borclar təşkil edib, qısamüddətli borclar 2022-ci ilin sonunadək ödənilməlidir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bu borclar dövlət zəmanəti ilə götürülüb: "Azərbaycanın 2021-ci il dekabrın 31-ə olan ümumi dövlət borcu 8 mlrd. 135 mln. dollar olub. Azərbaycan hökuməti həmişə bu rəqəmlə, yəni ÜDM-in cəmi 14,9%-ni təşkil edən xarici borcla öyünür, çünki hər sahədə olduğu kimi bu məsələdə də statistikanı siyasiləşdirərək rəqəmlərlə “rəqs edirlər”. Hökumət böyük dövlət şirkətlərinin dövlətin zamanəti ilə (biz bunu Beynəlxalq Bank məsələsində gördük – bankın 3 mlrd. dollar xarici borcunu dövlət ödəməli oldu) aldıqları kreditləri, ödəmə öhdəliklərini borc kimi hesaba almır, amma halbuki dövlət şirkətlərinin borclarına, ödəniş öhdəliklərinə dövlət cavabdehlik daşıyır.
Tək elə SOCAR-ın borc öhdəlikləri ümumi Dövlətin xarici borcundan 4,5 mlrd. dollar çoxdur, tək elə bu il SOCAR 3 mlrd. 450 mln. dollar borc qaytarmalıdır".
Lamiyə,
SİTAT.İNFO