Səudiyyə nefti uğrunda mübarizə gedir: Çin yoxsa, ABŞ qalib gələcək?

10:38 11 İyul 2022

"ABŞ prezidenti Cozef Bayden Səudiyyə Ərəbistanına səfərə hazırlaşır. “The Washington Post” dərgisi bu səfəri Vaşinqtonun Moskva və Pekinə qarşı siyasət kimi qiymətləndirib. Qəzetdə yayımlanan məqalədə Ağ Evin keçmiş illərdə olduğu kimi Səudiyyə Ərəbistanıyla əməkdaşlığı gücləndirməkdə marağı olduğu qeyd edilib. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda bir çox ölkənin Səudiyyə Ərəbistanı neftinə ehtiyacı artıb. Bunu ABŞ prezidenti Cozef Bayden də çıxışlarında gizlətmir.

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, Cozef Bayden Səudiyyə Ərəbistanına səfəri qərarının yaxın ətrafında birmənalı qarşılanmadığını etiraf edib: "Ancaq Bayden strateji baxımdan bu səfərin əhəmiyyətli olduğu qənaətindədir. Baydendən əvvəl Səudiyyə Ərəbistanına prezidentin Yaxın Şərq üzrə müşaviri Brett Makqrek gedib. O prezidentin səfər proqramını hazırlamaq məqsədilə Ər-Riyadda görüşlər keçirib.

Aydındır ki, Cozef Baydenin Səudiyyə Ərəbistanına səfəri yalnız onun yaxın ətrafında deyil, ABŞ-ın bütün siyasi spektrində və ölkə ictimaiyyətində ciddi suallar doğuracaq. Səudiyyə Ərəbistanı rejiminin müxalif jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda 2018-ci ildə qətl qərarı hələ yaddaşlardadır. Səudiyyə Ərəbistanı vətəndaşı olan Camal Qaşıqçı ölümündən bir neçə il əvvəl ABŞ-a köçmüş, “The Washington Post” dərgisində məqalələr yayımlayır, məqalələrində Səudiyyə Ərəbistanında kral hakimiyyətinin siyasətini tənqid edirdi. Ona görə də Camal Qaşıqçının qətli Amerikada da qəzəb doğrumuşdu. Buna baxmayaraq, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan imtina etmədi".

E.Şahinğlu vurğuladı ki, Səudiyyə Ərəbistanı Cozef Bayden administrasiyası üçün də vacib ölkədir: "Administrasiyada düşünürlər ki, Amerika Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı aşağı səviyyəyə endirərsə, bundan onun rəqibləri Moskva və Pekin istifadə edəcəklər. Həqiqətən son illər Rusiya və Çinin Səudiyyə Ərəbistanı ilə siyasi və iqtisadi təmasları artıb. Ər-Riyad bu əlaqələrdən istifadə edərək Vaşinqtonu Səudiyyə Ərəbistanı ilə münasibətlərdə daha fəal olmağa sövq edir. Misal üçün 2020-ci ildə Səudiyyə Ərəbistanı ilə Çin arasında saziş imzalanıb. Həmin sazişə görə Səudiyyə Ərəbistanı Çinə neftin nəqlini artırmalıdır. Bundan başqa Pekin Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə Çindəki yataqlarda neft çalışmalarına başlamaq imkanı yaradıb. Bunlar Vaşinqtonu narahat etməyə bilməz. Ona görə də Ağ Ev sahibi Səudiyyə Ərəbistanına 2 günlük səfərə ehtiyac duyub".

Politoloq vurğuladı ki, Çinə qarşı növbəti həmlə ABŞ dövlət katibi Entoni Blinkendən gəlib: "Blinken “böyük iyirmilərin” xarici işlər nazirlərinin İndoneziyadakı toplantısından sonra Pekini bu sözlərlə tənqid edib: “Çin bəyan edib ki, Ukrayna məsələsində neytral mövqedədir. Ancaq işğal varsa, necə neytral qalmaq olar? Çin neytral deyil, BMT-dəki səsvermələrdə hər zaman Rusiyanın mövqeyini dəstəkləyir, bu siyasət indi də davam edir”. Halbuki, Entoni Blinken bu açıqlamadan əvvəl çinli həmkarı Van Yi ilə 5 saatlıq danışıqlar aparmışdı. Demək, danışıqlar nəticə verməyib ki, Blinken Pekinin Kremlin arxasında süründüyünü bəyan edib".

Ləman,

SİTAT.İNFO

 



Xəbər xətti