Ermənistanın gücü qalmayıb, Rusiyanın başı özünə qarışıb: Bakı üçün hansı fürsətlər var?

14:50 12 İyul 2022

"Ermənilər 44 günlük II Qarabağ savaşında darmadağın edildikdən sonra ən çox Kəlbəcər istiqamətindən atəşkəsi pozublar. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərdə öz təxribatçı hərəkətlərini daha rahat şəkildə həyata keçirə bilirlər. Özü də diqqət edirsinizsə, münaqişə ətrafındakı mühüm gəlişmə zamanı bu cür atəşkəsin pozulması halına rast gəlinir. Artıq ermənilər anlayırlar ki, 10 noyabr bəyanatında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməməmək üçün dirənə biləcəkləri nöqtə bura qədər idi...".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sözçüsü Cavanşir Abbaslı deyib.

Onun sözlərinə görə, Laçının Zabux və Sis kəndlərində yaşayan ermənilərlə bağlı verilən qərar bunu bir daha sübut etdi: "Xatırlayırsınızsa, sizə bundan öncəki müsahibəmdə demişdim ki, ilin sonuna qədər Azərbaycan tərəfin antiterror əməliyyatı həyata keçirməsi hər keçən gün vacibliyini daha da artırır. İyulun 11-dəki təxribat bu vacibliyi daha da artırdı. Ermənilərin bu təxribatından dərhal istifadə olunmalı və antiterror əməliyyatı ilə öz qanuni ərazilərimizin hər qarşında suverenliyimizi tam şəkildə bərpa etməliyik. Erməniləri sülhə məcburetmənin bundan başqa yolunu görmürəm".

Siyasi şərhçi irimiqyaslı müharibənin gözlənilmədiyini vurğuladı: " Buna ilk növbədə, erməni tərəfi getməz. Çünki bu müharibəni apara biləcək heç bir gücləri qalmayıb. Havadarları olan Rusiyanın başı Ukraynada özünə qarışıb. Paşinyan iqtidarı onu da yaxşı bilir ki, əgər müharibə başlasa, 10 noyabrdakı kimi Azərbaycan tərəfi durduracaq Rusiya meydanda olmayacaq. Buna görə də, o heç vaxt bu savaşa girməz. Məhz bu amildən rəsmi Bakı maksimum dərəcədə yararlanıb, Qarabağ məsələsini birdəfəlik tarixin arxivinə gömməli, bu məsələni ümumiyyətlə, müzakirə predmeti etməməlidir. Rusiya-Ukrayna müharibəsi bəlkə də, milli problemimiz olan Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün bir şansdır...".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti