"10 noyabr 2020-ci il tarixində Ermənistanın biabırçı məğlubiyyəti ərəfəsində məcbur qalaraq imzaladığı məlum kapitulyasiyanın şərtlərini hər birimiz bilirik. Bilirik ki, həmin 10 noyabr kapitulyasiya sənədində rus sülhməramlıları Azərbaycanın suveren ərazisinə hansı şərtlərlə daxil olubdur. O şərtlərdən ən başlıcası budur ki, Rusiya sülhməramlılarının əsas missiyası bölgədə qanunsuz silahlı birləşmələri tərksilah etmək və Azərbaycanın suveren ərazi bütövlüyünün təminatının qaranti rolunda çıxış etməkdir. Amma çox təəssüf ki, ilyarımdan artıq zaman keçməsinə baxmayaraq, Azərbaycanın suveren ərazisində xidmət aparan Rusiya Federasiyasına mənsub olan sülhməramlı dəstə, nəinki Aərbaycanın nəzarət etmədiyi bölgələrdə - Xocalıda, Xankəndidə, Ağdərədə və s. məlum qanunsuz silahlı birləşmələri, terrorçu təşkilatı nəinki tərksilah etmədi, əksinə həmin o qanunsuz silahlı birləşmələri terror təşkilatlarının himayədarı rolunda çıxış etdi. Bütün bunları Azərbaycan xalqı, Azərbaycan dövləti və dünya ictimaiyyəti açıq gözlə görməkdədir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
O, hesab edir ki, Azərbaycan xalqının səbrinin, dözümünün bir sonu var: "Bütün beynəlxalq ictimaiyyət və Azərbaycan xalqı görür ki, Ermənistan məlum sülh sazişinin imzalanması prosesini qeyri-müəyyən vaxta qədər uzatmağa çalışır, səylər göstərir, operativlik göstərmir, maraq göstərmir. Heç şübhəsiz ki, Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycan xalqı 1992-ci ildə BMT-nin qəbul etdiyi və kağız üzərində qalan dörd qətnaməni, Azərbaycan xalqının həmrəyliyi ilə, milli birliyi ilə və ordusunun qətiyyəti və şücayəti ilə icra etdi. Həmin o qətnamələrin kağız parçası üzərində qalmasıyla BMT-nin nüfuzuna xələl dəyməsinə imkan vermədi. İndi də heç şübhəsiz ki, Rusiya sülhməramlılarının görməli olduğu, lakin görmədiyi məlun qanunsuz silahlı dəstələrin tərksilah edilməsi prosesini Azərbaycan ordusu qətiyyəti ilə ən yüksək səviyyədə icra etmək qabiliyyətindədir. Azərbaycanın dəmir yumruğu, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan ordusunun peşəkarlığı heç kəsdə şübhə yaratmamalıdır".
A.Şakiroğlu hesab edir ki, Azərbaycan xalqı prosesləri 10 noyabr 2020-ci ildə imzalanmış sənəd üzərində həll edilməsində maraqlıdır: "Azərbaycan xalqı sülhdən yanadır, amma bizi, Azərbaycan xalqını bir dövlət olaraq buna vadar etsələr, yenə Azərbaycan ordusu xalqla bir yerdə dəmir yumruq kimi birləşərək, məlum bölgələrdəki qanunsuz silahlı birləşmələri tərkisilah edəcək. Qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyacaq. Hər kəs əmin olsun ki, Azərbaycan xalqının dəmir iradəsi, dəmir yumruğu öz möhtərəmliyini və möhtəşəmliyini hələ də qorumaqdadır".
Ləman Sərvanqızı
SİTAT.İNFO