Azərbaycan xüsusi karantin rejimi ilə əlaqədar 2 ildir ki, quru sərhədlərini bağlayıb. Pandemiyanın hətta kəskin olduğu ölkələr quru sərhədləri açsa da, Azərbaycanda bununla bağlı qərar hələ də yoxdur. Mövzu ilə bağlı açıqlama verən ekspertlər isə hökumətin bu istiqamətdə müəyyən planlarının olduğunu bildirirlər. Amma bu planlar nədir, nə vaxt icra olunacaq kimi sualların cavabı hələ də bəlli deyil. Bir tərəfdən də belə bir düşüncə formalaşır ki, quru sərhədlərinin bağlı olması AZAL şirkətinin qazancına hesablanır? Bəs, AZAL bu müddətdə nə əldə etdi?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən deputat Razi Nurullayev bildirdi ki, quru sərhədlərinin açılmaması tam olaraq pandemiya ilə bağlı deyil: Çünki pandemiyanın daha ağır olduğu ölkələr öz sərhədlərini açıblar. Azərbaycanda bu durumun geosiyasi, təhlükəsizlik məsələləri ilə də əlaqəsi var. Yəqin ki, hökumətin əsaslı səbəbi var ki, sərhəddi açmır.
Sərhədlərin bağlı qalması sosial narazılıq yaradır, insanların hamısı, hətta parlamentdə deputatlar da sərhədlərin açılmasına çağırış edir. Yenə də hökumət sərhədlərin açılması ilə bağlı qərar vermir. Sərhədlərin açılmamasında hər hansı bir səbəb olmalıdır. Sərhədlərin açılmaması iqtisadiyyatın zəifləməsinə gətirib çıxarır, eyni zamanda turizm potensialımızı zəiflədir. Azı 250-300 min insanın xırda ticarətlə məşğul olmasının və ailə üzvləri ilə birgə toplam 1 milyon insanın özünəməşğulluq hüququnu məhdudlaşdırır. 1 milyon insan hökumətin üzərindən yük kimi götürülə bilər, amma bunu bilə-bilə yenə də sərhədlər açılmır”.
Deputat qeyd etdi ki, yenidən bütün dünyada Covid xəstələrinin sayı artır: “ Ermənistanda 400-ə, Azərbaycanda 100-ə yaxın yoluxma sayı qeydə alınıb, bir çox ölkələrdə isə bu rəqəm 5 min,10 min-dir. Belə olan halda, yəqin ki, sərhədlərin açılması şübhə altına düşür. Hətta yeni məhdudiyyətlər belə qoyula bilər. Bu çağırışları dəstəkləmirəm. Biz pandemiya şəraitində yaşamağa öyrəşmişik. Məhdudiyyətlər tətbiq etmək pandemiyanın, xəstəliklərin qarşısını almır.
Xəstəliklərin qarşısını almaq üçün insanların yaxşı qidalanması, immunitetin möhkəmlənməsi və güclü dərmanlar alıb özünü müalicə edə bilməsi üçün iqtisadiyyat olmalıdır. Fikrimcə, məhdudiyyətlərə getmək lazım deyil".
R.Nurullayev quru sərhədlərinin bağlı qalmasını AZAL-la əlaqədar olmasına inanmaq istəmədiyini bildirdi: "Bu ağ olar, dözülməz olar. İnanmıram ki, AZAL-ın biletlərinin satışı, ona xidmət üçün quru sərhədləri açılmır, dövlət Cahangir Əsgərova görə bu qədər riskə gedir. Bu boyda dövlət AZAL-ın işləməsi üçün quru sərhədlərini qurban verir, 10 milyon xalqın hüququnu bir şirkətə görə pozur. Bu dövlətə yaraşan bir hərəkət olmaz, inanmıram ki, ağlı başında olan, müdrik bir dövlət belə bir hərəkət etsin. Hökumət belə bir addım atmaz, mümkün deyil. Bu fikir müəyyən beyinlərin məhsuludur. İrəli sürülən mülahizələrdir.
İnsanları da qınamıram, çünki sərhədlərin açılmamasının səbəblər ilə əlaqədar konkret açıqlamalar verilmir. İnsanları da müxtəlif mövzular ətrafında bu şəkildə var-gəl edib doğru olmayan mülahizələr irəli sürməyə vadar olur”.
Safura Bənnayeva
SİTAT.İNFO