"Yəqin ki, bir çoxlarınız banklardan kənar, əldən-ələ xaricə pul göndərməklə bağlı eşitmisiniz – Bakıda kimlərəsə pulu verirsən, Rusiyada, Gürcüstanda, Türkiyədə, hətta Avropa ölkələrinin birində eyni məbləğı geri alırsan və ya başqa ölkələrdə valyutanı təhvil verib, Bakıda geri alırsan. Belə xidmətin haqqı ümumi məbləğin 0,2%-dən 1%-nə qədər təşkil edir".
SİTAT.İNFO xəbər verir ki, bu sensasion məlumatı iqtisadçı ekspert Natiq Cəfərli yazıb.
Onun sözlərinə görə, hazırda ölkədə belə bir xidmətə ehtiyac yaranıbsa, bunun səbəbləri də var: "Birincisi, ölkənin bank sistemi “gestapo” kimi işləyir, yəni, pul köçürmələrlə bağlı bəlli məhdudiyyətlər, əngəllər, tələblər var. Səbəb kimi də, “çirkli pullarla mübarizəni” göstərirlər, sadəcə məsələnin absurdluğu ondadır ki, çirkli pulların son axtarıldığı yer bank olmalıdır, bankdan öncə ölkədə elə bir şəffaf sistem yaranmalıdır ki, çirkli pulların yaranma mənbəyi olmasın, əgər bu pullar kriminal sahədə yaranırsa, bunla da hüquq-mühafizə orqanları məşğul olmalıdır. İkincisi, ölkədə rəsmi varlı insanlar yoxdur, varlı məmurlar xaricə pul köçürmələri müxtəlif üsullarla həyata keçirə, tapşırıqla nəzarətdən kənarda qala bilirlər, amma elə bir imtiyazı olmayanlar isə belə xidmətdən istifadə etməyə məcburdurlar. Üçüncüsü, xaricdən mal almaq üçün belə vəsaitlərə tez-tez ehtiyac yaranır, ölkə qanunverciliyi və tənzimlənən əməliyyatlar iş adamlarına əlavə maneələr yaradır deyə, onlar nəğd dövriyyəyə üstünlük verirlər.
Bu “fenomenin” ziyanı nədir?
İqtisadçı vurğuladı ki, ölkədən külli miqdarda valyuta çıxarılır: "Hakimiyyət nümayəndələri ölkənin tədiyyə və maliyyə balansını rəsmi rəqəmlərə istinadən izah edirlər və neft qiyməti yüksələn kimi fəxrlə tədiyyə və maliyyə balansının müsbət olduğunu, böyük profisitin yarandığını vurğulayırlar. Amma görünən odur ki, ölkədən qeyri-rəsmi yollarla, əldən-ələ milyardlarla vəsait çıxarılır, və ya daxil olur məsələn: Bakıda qanunsuz sahibkarlıqla məşğul olan Qənbərov Kamil Səfadil oğlunun məhkəməsi başa çatıb, məhkəmə zamanı məlum olub ki, Kamil Qənbərov 2019-2021-ci illər ərzində, cəmi iki ilə ölkədən 1 mlrd. 62 mln. manatlıq əldən-ələ pul dövriyyəsi həyata keçirib. Tək bir şəxs, 1 mlrd. manatdan çox! Bu işlə məşğul olan onlarla insan, qrup olarsa, dövriyyənin həcmini təsəvvür edirsinizmi?! Bu faktın özü ölkədə nə qədər primitiv iqtisadi model, nə həcmdə korrupsiya, nə boyda “kölgə iqtisadiyyatı” olduğunu bir daha əyani sübut edir. Daha bir sübut odur ki, nə qədər avtoritar sistem olursa-olsun dünyada iki şeyin – pulun və ideyanın qarşısını almaq mümkün deyil, ağıllı hökumətlər qarşısını almır, insanları deyil də, maraqları idarəetməyə çalışır".