"ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu günlərdə demişdi ki, İran Rusiyaya yüzlərlə PUA verməyi planlaşdırır. Həmçinin bildirilmişdi ki, bu texnikalardan istifadə etmək üçün ruslara təlimlər də keçiriləcək. Dünən İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian məsələyə münasibət bildirib. O, yayılan iddiaları təkzib edib və dövlətlərarası əməkdaşlığın savaşdan əvvəl başlandığını söyləyib. Düzdür, bəzi məqamlarda Moskva ilə Tehranın sözü üst-üstə düşmür. Lakin, ümumi mənada bu iki dövlət bir-biri ilə “dil tapmağa” məcburdur".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, birinci səbəb bu iki dövləti bağlayan tarixi maraqlardır: " İkinci bir tərəfdən, onların hər ikisi Qərbin “qara siyahısındadır”. Rusiya ilə İranın eyni cəbhədə odluğunu əvvəllər də dəfələrlə görmüşdük. Bunun ən bariz nümunəsi kimi İkinci Qarabağ müharibəsini göstərə bilərik. 44 günlük savaşda Moskva ilə Tehranın maraqları eyni idi: ikisi də bu və ya digər formada İrəvanı dəstəkləməkdə “düyünün açılmasına” mane olmaq istəyirdi. İran başa düşür ki, Qərbin Rusiya ilə işi bitdikdən sonra növbəti hədəf özü olacaq. Ona görə də indi bunu açıq etməsə belə, Kremli dəstəkləməyə çalışır".
K.Novruzovun sözlərinə görə, bütün bunları nəzərə alsaq, İranın Rusiyaya PUA göndərməsi təəccüblü olmaz: "Əlbəttə, Abdullahiyanın sözügedən iddianı rədd etməsi da tamamilə normaldır. Yəni hətta İran Rusiyaya hərbi dəstək göstərsə belə, rəsmilər, şübhəsiz ki, bunu təsdiqləməyəcəklər. Bu mənada nə İranın Rusiyaya yardımında, nə də XİN başçısının açıqlamasında təəccüblü nəsə var. Maraqlı məqam Ceyk Sallivanın indiki gərgin məqamda belə bir bəyanatla çıxış etməsidir. Ağ Evin iddiasının həqiqət və ya yalan olmasından asılı olmayaraq, açıqlamanın mahiyyəti göstərir ki, doğrudan da, Tehran Vaşinqtonun "qara siyahı" sındadır. Bəlkə də, Qərbin növbəti hədəfi məhz İrandır. Bütün hallarda ABŞ rəsmisinin dediklərinə dırnaqiçi yanaşmaq olmaz. Çox güman ki, qarşıdakı günlərdə Vaşinqton bu ritorikanı davam etdirəcək. Necə deyərlər, "açacaq sandığın tökəcək pambığı". Beləliklə, yeni "bataqlığın" İranda yaradılması üçün zəmin formalaşmış olacaq".
Səid İsaoğlu,
SİTAT.İNFO