Brent markalı neftin qiyməti fevralın 21-dən bəri ilk dəfə bir barel üçün 95 dollardan aşağı düşüb. SİTAT.İNFO xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin qiyməti 4%-dən çox ucuzlaşma ilə 94,73 dollardan satılıb.
Paralel olaraq, Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,19 dollar azalaraq 113,91 dollar olub . Bu ucuzlaşma hansı amillərlə bağlıdır və daha nə qədər davam edəcək?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, neftin qiymətinin ucuzlaşmasına bir neçə amil təsir göstərir: " Əsas amil dolların bahalaşmasıdır. Dollar indeksi son 30 ilin tarixi maksimumundadır, ötən gün 108 punktu keçdi. Baha dollar həmişə neft qiymətlərini ucuzlaşdıran amil olub".
İqtisadçının sözlərinə görə, başqa səbəblər də var: " Çin iqtisadiyyatının gözləntilərdən daha aşağı səviyyədə artması, Çinin bir çox şəhərlərində lokdaun tədbirlərinin davam etməsi, koronavirusla bağlı müəyyən xəbərlərin yayılmasının da təsiri var. Amma resessiya faktoru da var, dünya iqtisadiyyatının daralması gözlənilir. Bu o deməkdir ki, neftə olan tələbat azalacaq. Tələbatın azalması neftə olan tələbin aşağı düşməsinə səbəb olan amilə çevrilir".
N.Cəfərli vurğuladı ki, hazırda böyük güclər də neftin ucuzlaşmasında maraqlıdırlar: "Bundan başqa bu gün ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfəri başlayır. Səfərin ana başlığı neft qiymətləridir. Amerikanın belə bir tələbi, təklifi var ki, Səudiyyə hasilatı artırsın. Bu xəbərlər də neft qiymətlərinə təsir göstərir. Nə qədər ki, Rusiya - Ukrayna müharibəsi davam edir, sanksiyalar qüvvədə qalırsa, neftin kəskin ucuzlaşması mümkün deyil. Qiymətlər 80-90 koridoruna geri çəkilə bilər. İndi 99 dollardır. Belə ehtimal kifayət qədər yüksəkdir. Amma ən azı bu il üçün neft bazarında kəskin ucuzlaşma gözlənilmir".
Nərgiz,
SİTAT.İNFO