"Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə çox maraqlı məqamlar nəzərə çarpdı. Xüsusilə də 2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək sayda artım templərinin müşahidə olunması bizləri təbii ki, sevindirir. Qlobal problemlərin , krizislərin və münaqişələrin fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq göstərməsi və artan templə yüksəlməsi cənab prezidentin uğurlu həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsində mümkün olub".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, hazırda dövləti narahat edən əsas məsələ Qarabağdakı erməni separatçılarıdır: "Cənab prezident bir çox məqamlara toxundu. Xüsusilə də müharibədən 1 il 8 ay keçməsinə baxmayaraq hələ də, Ermənistan silahlı dəstələrinin Azərbaycan torpaqlarından çıxarılmamasının mənfi hal olduğunu bildirdi. Həmçinin iyun ayına qədər həmin silahlı dəstələrin Azərbaycan ərazilərini tərk edəcəyinə dair verilmiş sözlərin tutulmaması, Ermənistanın prosesləri uzatması istər-istəməz bizi narahat edir. Bu ərazilərdə sülhməramlıların fəaliyyəti heç də ürəkaçan deyil. Onlar faktiki olaraq erməni silahlı dəstələrinin bu ərazilərdən çıxarılmasını bir növ ləngidirlər və onlar hansısa bir dəstək və isti münasibət gördükləri üçün bu əraziləri tərk etmək istəmirlər. Ancaq istənilən halda Ermənistan prosesləri çox uzada bilməyəcək".
Deputat hesab edir ki, növbəti ayda baş tutacaq çox vacib görüşlər zamanı biz daha real olaraq vəziyyəti analiz edə biləcəyik: "Prezident İlham Əliyevin dediyi kimi, biz ordumuzu daha da gücləndirməliyik və bununla əlaqədar olaraq Azərbaycan hökuməti tərəfindən təxirəsalınmaz işlər həyata keçrilir, yeni müqavilələr bağlanılıb. Bu müqavilələr əsasında ordumuzun inventarına müasir ,yeni nəsil silahlar daxil ediləcəkdir. Və həmçinin ordunun zabitlərinin, əsgərlərinin, gizirlərinin daha professional olması üçün onların maddi-texniki bazaları daha da gücləndiriləcək. Bununla əlaqədar olaraq, ötən dövrdə komando hərbi hissələr açılıb. Bu cür hərbi hissələrin sayının artırılması nəzərdə tutulur. Bir sözlə, işğal olunmuş ərazilərdə Azərbaycanın silahlı qüvvələri sərhəd boyu bütün strateji mövqelərdə möhkəmlənib".
N.Həmzəyevin fikrincə, bütün bunlarla yanaşı Azərbaycan çalışacaq ki, regional kommunikasiyaların açılması ən qısa zamanda reallaşsın: "Xüsusilə də Zəngəzur koridorunun işə düşməsi bizim əsas hədəflərimizdən biridir. Ancaq çox təəsüflər olsun ki, Ermənistan tərəfi bu məsələdə də ikili standartlardan çıxış edir. Görüşlər zamanı söz versə də daha sonra real addımlar atmır. Bu da istər-istəməz bizi və region dövlətlərini narahat etməkdədir. Bu baxımdan da Azərbaycan üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirsə də, Ermənistan tərəfi əslində öhdəlikləri yerinə yetirməyə məhkum olan tərəf olsa da, hələ də proseslər uzanmaqdadır".
Deputat sonda onu da qeyd etdi ki, istənilən halda 6 ayın yekunlarına dair hesabatda biz nikbin məlumatları eşidə bildik: " Amma biz növbəti illərdə dünyada baş verən iqtisadi böhranları nəzərə almalıyıq. Müşavirədə cənab prezident bu məqamlarla bağlı xüsusi tapşırıqlar verdi. Biz növbəti illərdə də Azərbaycan iqtisadiyyatını dayanıqlılığını təmin edə biləcəyik".
Səid İsaoğlu,
SİTAT.İNFO