Xəbər verdiyimiz kimi, Səfər Mehdiyev vəzifəsindən azad oldu. Lakin, bu heç də gömrük sistemində olan problemlərin həllini tapması demək deyil. Hər nə qədər kadr siyasəti aparılsa da, ümumilikdə problemlərin köklü şəkildə həlli üçün hansı dəyişikliklərə, islahatlara ehtiyac var? Bəs Gömrük Komitəsinin ləğvi edilməsi və bu xidmətin İqtisadiyyat Nazirliyinin tərkibinə verilməsi baş tuta bilərmi?
Bu suallarla bağlı Sitat.info-ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, dövlət orqanlarının fəaliyyətində qüsurların meydana çıxmasının səbəbi subyektiv amillərlə, şəxslərlə bağlı deyil. İdarəçilik tipi ilə, idarəetmə qaydaları ilə bağlıdır. Azərbaycanda idarəetmənin səviyyəsi dəyişməyənə qədər kadrların işdə çıxarılması heç nəyi həll etməyəcək.
Partiya sədri vurğuladı ki, demokratik dövlətdə hər şeyi işlək qanunlar tənzimləyir: "Totalitar cəmiyyətlərdə vaxtilə Stalin deyirdi ki, hər şeyi kadrlar həll edir. Demokratik cəmiyyətlərdə hər şeyi qanunlar və prinsiplər həll edir. Biz totalitar cəmiyyətdən xilas olmaq istəyiriksə, bütün günahları şəxsiyyətlərin üzərində qurmamalıyıq. Əksinə mövcud olduğumuz idarəetmədə, cəmiyyətin tipində, nizamda, qanunlarda, Konstitusiyada axtarmalıyıq".
S.Cəlaloğlu hesab edir ki, dövlət orqanlarında fundamental dəyişiklik yalnız sadalanan problemlərin həlli istiqamətində atılan addımlarla mümkün olacaq: "Kadrları dəyişməklə heç nəyi dəyişmək olmaz. İdarələri birləşdirib ayırmaqla heç nə dəyişmək olmaz. Guya Gömrük Komitəsi müstəqil olarsa orada rüşvətxorluq olacaq, başqa bir struktura bağlı olanda isə olmayacaq?! Bütün bunlar hamısı çox subyektiv və ciddi əhəmiyyət daşımayan məsələlərdir. Dediyim kimi, idarəetmə dəyişilməlidir. Kadrların müəyyənetmə prinsipləri dəyişilməlidir. Ən əsası isə idarəetmə üzərində ictimai nəzarət olmalıdır".
Səid İsaoğlu,
SİTAT.İNFO