"İnsanlara da şərait yaradılmalıdır ki, öz evlərini tikə bilsinlər"- Akif Nağı Böyük qayıdışdan danışdı

16:00 19 İyul 2022

Bu gün, iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi baş tutdu. 30 il doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan 10 məcburi köçkün ailəsi Masazırdakı şəhərcikdən artıq yola çıxıb. Ağalı kəndinə əhalinin köçürülməsi "Böyük Qayıdış"ın ilk qədəmləridir.
Bundan sonra vəziyyət necə olacaq, köçürülmə prosesi hansı ardıcıllıqla həyata keçiriləcək ümumilikdə prosesin davamı hansı şəkildə gərçəkləşəcək? 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Böyük qayıdışın başlamasını çoxdan gözləyirdik, bu sevindirici haldır: “İnsanlarda narahatlıq var idi ki, bu köç nə vaxt başlayacaq, işlər niyə ləng gedi.  İlkin mərhələdə ən ağır baza işləri görülməliydi. Yolların çəkilməsi, işıq, su, qazla təminatı olmalı idi ki, evlər tikilsin, insanlar da həmin ərazilərə köçsünlər. Bu çətin, həm də görünməyən bir prosesdir. 
Bu istiqamətdə çox işlər görülür, keyfiyyətli yollar çəkilir və elektrik enerjisi, su və qazla bağlı da işlər gedir”.

Akif Nağının sözlərinə görə bütün bu proseslər görünmədiyi üçün insanlara elə gəlirdi ki, heç bir iş görülmür: “Bu işlər daha sonra nəzərə çarpacaq. Amma biz təklif etmişik ki, həm dövlət tərəfindən tikinti işləri aparılsın, həm də vətəndaşlara ev tikməyə icazə verilsin. Evlərin tikintisi bitdikdən sonra dövlət səlahiyyətinə hansı binalar daxildirsə dövlət tərəfindən tikilsin. İnsanlara da paralel şəkildə şərait yaradılmalıdır ki, onlara ayrılmış torpaq sahəsində öz evlərini  faizsiz kreditlə və ya başqa vəsaitlə tikə bilsinlər. Proseslər başlayıb. Böyük qələbədən sonra Böyük köçün başlamasına çox sevinirik”.
 
Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti