Putin, Ərdoğan, Rəisi- Bu üçlüyü bir araya gətirən nədir?

13:58 20 İyul 2022

"Rusiya, Türkiyə və İran tarixi ənənəçi dövlətlərdir. Əsrlərlə bir -biri ilə savaşıblar. İndi də dünyada yeni düzən var. Bu düzən ənənəni inkar edir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov deyib.

O qeyd edib ki, ənənə dedikdə siyasi fəlsəfi yanaşmaları nəzərdə tutur: "Müasir qlobal düzəni idarə edən maliyyə hegemonları artıq ənənəvi insanı və dövlətləri təhdid edir. Qeyri-hökümət aktorları və assimetrik təhlükələr vasitəsi ilə ortamı idarə edir. Qlobal maliyyənin dövlət simasında iki tərəfdaşı var Amerika mərkəz, Avropa isə əlavə. İndi İran, Türkiyə və Rusiya ona görə bir aradadır. Rusiya ərazi baxımından işğalçı olsa da, Qərb zehniyyət və resurs işğalında ondan geri qalmır".

Putinlə Ərdoğan arasındakı yaxınlaşmaya gəlincə,  A.Hüseynov vurğuladı ki, Türkiyə işğalçının yanında yer almır, sadəcə  diplomatik manevrlərlə bölgədə və dünyada məzlumları xilas etmək istəyir: " Necə ki bizim yanımızda olmaqla bunu göstərdi. Biz bunu unutmamalıyıq. Türkiyə sevgimiz trend xarakterli olmamalıdır. Davamlı, dayanıqlı və sistemli olmalıdır. Astana üçlüsü dirçəltməklə Türkiyə Suriya məzlumlarının məsələsini həll etmək və ölkəsini tezliklə qaçqınlardan boşaltmaq istəyir". 

Siyasi şərhçi qeyd etdi ki, Türkiyə Rusiyanın yanında durmur, əksinə İran və Rusiyanı ətrafına yığır: "İrana gəldikdə isə istəsək də, istəməsək də İran regional və regionlararası gücdür. Ona görə onunla da Türkiyənin bir formatda bir araya gəlməsi bizim maraqlarımızadır. Bunu eyforiya ilə geosiyasət təhlil edənlər anlamaz. Türkiyənin bu regional hərəkətliliyində yanında olmalıyıq. Zatən başqa bir yola meyil etsək qazanclarımızı itirə bilərik".

 



Xəbər xətti