Bir narkotacirin dosyesi...

22:15 21 İyul 2022

"Qazi dövlətin verdiyi maşınla narkotik daşıdı" - Xəbərə bax, başlığa bax... Yalan deyil, hadisə baş verib. Amma bu cür yazmaq olarmı? Hələ sosial şəbəkədə paylaşılan xəbərin altında yazılan şərhlər əksiklik kompleksindən əziyyət çəkənlərin qusduğu çirkabla doludur. "Qazidir boynumuza minsin, döyüşüb deyə hər şey edə bilərmi.. və sair". 

Narkotacirlər və narkokuryerlər arasında hər sənət sahibi, hər cür insan var. Amma bir dəfə də olsun onların kimliyi qabardılmayıb. Heç vaxt narkotiklə tutulan şəxsin dosyesi açıqlanmayıb, hansı maşında daşıdığı, maşının markası və kimin hədiyyə etdiyi açıqlanmayıb. Qazinin də narkotik daşıması yolverilməzdir, cəzasını almalıdır, amma bunu bu şəkildə qara piar kimi yaymaq doğru deyil, özü də dövlətin verdiyi maşınla olduğu xüsusi vurğulanaraq. Aydındır ki,  dərhal mənfi fikir formalaşacaq. Heç adamın adı yadımızda qalmadı ha, qazi olduğu yadımızdadır. Deməli, əvvəl bizi qoruyurdu, indi bəlaya salır. Yəni  heç də müqəddəs və müdafiəyə ehtiyacı olan zümrə deyil?! Bax elə şüuraltı keçən bu fikir bəs edir... 

Nədir məqsəd? Şəhid və qazi ifadələri bizim  üçün Vətən kimi, Quran kimi müqəddəsdir axı. Bir qazinin ayağına daş dəyəndə hamımız virtual da olsa ayağa qalxırıq, ictimai rəy üsyan püskürür. Görünür bu kiməsə sərf eləmir. 

Cəmiyyətin dəyər anlayışları bir-bir sıradan çıxarılır... Dəyərsiz cəmiyyəti idarə etmək çətindir, amma onun qarşısında durmaq da çətindir. Dəyərləri olmayan vətəndaş ola bilməz, əsgər ola bilməz, əsgər yetişdirə bilməz. 

Şəhid ailələrinin və qazilərimizin nüfuzunu qorumaq borcumuzdur. Minlərlə qazi var, onların arasında tək-tük adamlar çıxa bilər ki, müxtəlif səhvlərə yol verərlər, amma bunu "QAZİ filan etdi" başlığı ilə paylaşsaq, baltanı öz ayağımıza vurmuş olarıq. Onsuz da həssasdırlar, onsuz da yarımcan yaşamaq üçün səbəb axtarırlar. "Unutmadıq, yanınızıdayıq" sözlərimiz sözdən o yana keçmir, yanlarında ola bilmirik. Yaralarına məlhəm ola bilmədiklərinizə yara vurmayın! Vaxtilə məcbur köçkün, qaçqın anlayışı bu cür nüfuzdan salındı. Yurd-yuvasını itirən insanlara çoxları yuxarıdan aşağı baxmağa , artıq yük kimi başladı. İndi də qazilər... Müharibə bitdi, zəfər qazandıq. Bəli, bu zəfərin müəlliflərini hələ 50-60 il  başımızın üzərində tutmalıyıq. 

Nərgiz LİFTİYEVA



Xəbər xətti