Köçürülən ailələrin dolanışığı necə təmin olunacaq? - DEPUTAT AÇIQLADI

13:24 22 İyul 2022

Böyük köç başladı, artıq 10 ailə Zəngilanın  Ağalı kəndinə köçürüldü və bu köçün davamı da olacaq. 30 illik vətən həsrətinin bitməsi mühüm hadisədir. Ancaq  daimi yaşayış üçün köçürülən əhalinin məşğulluğunun təmin olunması əsas şərtdir. Bu ailələrin gəlir yerli, dolanışığı nədən ibarət olacaq? 

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran deputat Ceyhun Məmmədov bildirdi ki, əhalinin köçündən əvvəl bütün məsələlər nəzərə alınıb: "Bu ərazilərdə məktəb, bağça, xəstəxana və digər xidmətlər fəaliyyətə başlayacaq. İlkin olaraq əhalinin peşə istiqamətləri araşdırılıb və öyrənilib. Gələcəkdə burada müxtəlif peşə istiqamətlərində çalışmaq istəyən insanlara dövlət öz dəstəyini göstərəcək. Əlbəttə ki, burada əsas ərazinin insanlarının heyvandarlıqla, eyni zamanda əkinçilik ilə məşğul olması planlaşdırılır".

Deputat onu da qeyd etdi ki, bu ərazilərə insanlar köçürülürsə orada həm səhiyyə, təhsillə bağlı iş yerləri, eləcə də xidmət sektoru ilə bağlı  istiqamətlərdə işlər olacaq: "Məşğulluğun təmin edilməsi məqsədilə avtomobil təmiri, dərzilik və digər sahələrdə çalışan insanlara da dövlət məşğulluq xidməti öz dəstəyini göstərəcək. Bir sözlə burada işləmək üçün kifayət qədər imkan və şərait var. Yəni, müəllimlər təhsil və bağça müəssisəsində, həkimlər tibbi müəssiələrdə, əkinçiliklə məşğul olan insanlar isə əkin sahələrində fəaliyyətlərinə davam edəcəklər".

C.Məmmədovun sözlərinə görə, gələcəkdə yeni iş yerlərinin yaradılması nəzərdə tutulur: " Bilirsiniz ki, hazırda Zəngilan hava limanında işlər sürətlə aparılır, bir sıra binaların təməli qoyulub, məscid təmir olunur. Hesab edirəm ki, bu da əhalinin iş ilə təmin olunmasına öz ciddi və müsbət təsirini birmənalı olaraq göstərəcək". 

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti