Bir aya Ukrayna savaşının taleyini həll edəcək proseslər başlayır: ŞƏRH

16:25 21 İyul 2022

"Ukrayna savaşında son vaxtlar nisbi durğunluq müşahidə olunur. Hələlik savaşın birbaşa iştirakçıları – Rusiya və Ukrayna arasında qüvvələr nisbəti tədricən balanslaşmış kimi görünür. Yəni, Ukrayna məğlub olmur, Rusiya isə qalib gələ bilmir.
Təbii belə vəziyyətin yaranması ABŞ və Qərbin strateji planlarına və hədəflərinə tamamilə uyğundur".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, ABŞ və Qərb Ukrayna ordusunu silah-sursat və hərbi texnika ilə təchiz etməklə, Rusiyanın qalib gəlməsinə imkan vermir: "Eyni zamanda, Ukraynaya da Rusiyanın məğlub duruma salınmasına yetərli olacaq qədər hərbi texnika vermirlər. Yəni, ABŞ və Qərbin bütün strateji planlar Ukrayna savaşının mümkün qədər uzadılması üzərində qurulmuş kimi görünür".

E.Xalidbəyli hesab edir ki, hədəf  müharibənin uzanmasıdır: "Çalışırlar ki, Ukrayna savaşı uzansın və Rusiya öz hərbi, eləcə də iqtisadi potensialını tükəndirsin. Məhz bundan sonra Rusiyanı ABŞ və Qərbin şərtləri diqtə etdiyi sülh sazişini imzalamaq məcburiyyətində buraxmağı hədəfləyirlər. Təbii ki, Ukraynaya son vaxtlar daha müasir və dəqiqlik baxımından effektiv raket-artilleriya sistemlərinin verilməsi Rusiya üçün ciddi problemlər yaratmağa başlayıb. Rusiyanın hazırda Ukrayna savaşında əsas, bəlkə də yeganə üstünlüyü artilleriya ilə bağlı idi. Ancaq ABŞ və Qərbin verdiyi raket-artilleriya sistemləri Rusiyanın bu üstünlüyünü də artıq balanslaşdırmağa başlayıb.
Məsələ ondadır ki, indiyə qədər Ukraynaya cəmisi 7-8 HİMARS sistemi verilib. Nəticədə Ukrayna savaş poliqonunda ciddi dəyişikliklər müşahidə olunur. Rusiyanın ordusunun silah-sursat anbarları vurulur. Rusiya ordusunun hərbi texnika təchizat prosesinin pozulmaqda olduğu nəzərə çarpır".

Siyasi şərhçi onu  da qeyd etdi ki, yaxın vaxtlarda Ukrayna savaşında artıq daha ciddi mərhələnin başlanacağı barədə məlumatlar mövcuddur: "ABŞ və Qərb bu mərhələdə Ukraynaya müasir silahların verilməsi prosesini daha da sürətləndirmək niyyətində olduğunu qətiyyən gizlətmir. Qərb hərbi mütəxəssisləri hesab edirlər ki, Ukraynaya silah təchizatı prosesi intensivləşdirilməzsə, gecikmələr davaş edərsə, Rusiyanın yenidən hərbi üstünlüyü ələ alması qaçılmaz ola bilər. Ona görə də, hesab olunur ki, yaxın bir ay ərzində Ukrayna savaşının, o cümlədən də, rəsmi Kiyevin və Kremlin gələcək taleyini həll edə biləcək mərhələ artıq başlanmaq üzrədir".

Nərgiz LİFTİYEVA

SİTAT.İNFO



Xəbər xətti