"Çin lideri və Kommunist Partiyasının baş katibi Tsi Sinpin partiyada islahatları davam etdirir. Çin Kommunist Partiyası payızda qurultaya hazırlaşır. Ona görə də Tsi Sinpin qurultaya qədər kadrları dəyişdirməklə məşğuldur.
Çində yenə qanuna görə partiyada yüksək vəzifə tutanlarların və məmurların biznesləri varsa, bu barədə hakimiyyət strukturlarına məlumat verməlidirlər, əks halda onları cəza gözləyir. Tsi Sinpin partiya yoldaşları ilə görüşlərdə hər zaman SSRİ Kommunist Partiyasının acı taleyini misal göstərir. Başqa sözlə Tsi Sinpin tərəfdarlarını anlatmaq istəyir ki, korrupsiya və xalqdan uzaqlaşma partiyanı fəlakətə apara bilər".
Bu məlumatı SİTAT.İNFO-ya açıqlamasında politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Tsi Sinpin hakimiyyətə gəldiyi 2012-ci ildən başlayaraq partiya sıralarında və məmurlar arasında korrupsiya ilə mübarizəni gücləndirib: "Tsi Sinpin yalnız təmiz kadrların partiyada irləi çəkilməsini təmin etməyə çalışır. Buna baxmayaraq, korrupsiya hələ də Çində əsas bəlalardan olaraq qalır. Çində 2019-cu ildə 10 min nəfərdən çox, 2020-ci ildə 16 min, 2021-ci ildə isə 38 min məmur və partiya funksioneri qanun pozunsutuna yol verdiyini etiraf edib".
Politoloqun sözlərinə görə, Çin prezidenti korrupsiya ilə yanaşı Kommunist Partiyasında yerlibazlıqla və maraq qruplarıyla da mübarizə aparmaq məcburiyyətindədir: "Tsi Sinpin 2014-2017-ci illər arasında partiyada regional qrupları dağıtmağa çalışdı. Bu qruplar arasında ABŞ və Avropa tərəfdarları da var idi. Yəni həmin qruplar Çinin ABŞ və Avropa ölkələri ilə sıx əməkdaşlığının tərəfdarı idilər. Çin Kommunist Partiyasında ABŞ və Avropa tərəfdarları olubsa, Rusiya lobbiçilər də var. Ancaq Tsi Sinpinin ruspərəstlərə qarşı mübarizə aparması barədə məlumatlar yoxdur. Bu isə gələcəkdə Çin Kommunist Partiyasına daha böyük problemlər yarada bilər. Rusiyaya yaxınlıq heç bir dövlətə və qrupa fayda gətirmir".
Nigar Abuzər
SİTAT.İNFO