"Azərbaycan xalqının səbrinin bir həddi var" - Partiya sədri erməni silahlılarından DANIŞDI

14:23 24 İyul 2022

İşğaldan azad olunmuş ərazilərə böyük köçün başlanması sevindirici bir haldır. Lakin bir tərəfdən də bir sıra ərazilərimizdə erməni-rus qanunsuz silahlı birləşmələrinin yerləşməsi narahatlıq yaradır.
İmzalanan bəyənnaməyə əsasən qərarlaşdırlımış müddətdə bu silahll qüvvələrin ərazilərdən çıxarılması məsələsi isə hələ də həllini tapmayıb. 
Ermənistanın israrlı dayanışı və Rusiyanın bu hadisələrə qarşı duruşu hansı istiqamətdə irəliləyəcək? Qarabağda son vəziyyət hazırda necədir? 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən  Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirdi ki, artıq 2 ildir Azərbaycan zəfər əldə edib, Ermənistan isə məğlubiyyət kapitulasiyasına imza atır: “Həmin kapitulyasiyanın imzalanma ərəfəsində göstərilən bəndlərdən biri Ermənistan qanunsuz silahlı birləşmələrinin Azərbaycan suverən ərazilərindən çıxarılması mövzusu  idi. Amma bu kapitulyasiyanın Ermənistan tərəfindən imzalanmasından  artıq 2 il keçməsinə baxmayaraq Rusiya-Ermənistan qoşunlarının Azərbaycanın suverən ərazilərindən hələ də çıxarılmaması, qanunsuz silhalı birləşmələrin tərki-silah edilməməsi, Rusiya sülhməramlılarının həmin o qanunsuz silahlı birləşmələrin himayədarı obrazında çıxış etməsi Azərbaycanın haqlı etirazlarına və qəzəbinə səbəb olur".

Partiya sədri vurğuladı ki, hətta bir neçə gün əvvəl prezident İlham Əliyevin bu mövzuda çıxışı da buna nümunədir: "Prezidentin çıxışında belə açıq tezis var idi ki, Rusiya hərbi rəhbərliyinə daxil olan şəxs Azərbaycana səfər edən zaman iyun ayına qədər qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılacağına və tərki-silah ediləcəyinə söz verib. Artıq iyul ayıdır, bu sözün üzərindən 1 ay keçib, amma heç bir silahlı qanunsuz birləşmənin Azərbaycan ərazisindən çıxarılması, tərki-silah edilməsi təmin edilməyib. Azərbaycan haqq savaşındadır, ərazi bütövlüyünü təmin edib. Beynəlxalq hüquq Azərbaycanın yanındadır. Azərbaycan istənilən an öz ərazisində, ölkəsi daxilində qanunsuz silahlı qüvvələri tərki-silah etmək hüququnu özündə saxlayır”.

Ağasif Şakiroğlu qeyd etdi ki, bu gedişlə anti-terror əməliyyatları qaçılmaz olacaq: "Əgər Rusiya və Ermənistan üzərilərinə götürdükləri öhdəlikləri icra etməsə, yəqin  ki, Azərbaycan ordusu öz dəmir yumruğunu işə salacaq və Azərbaycan xalqının həmrəyliyi, iradəsi, ölkənin Ali baş komandanının siyasi iradəsi ilə həmin torpaqlarda anti-terror əməliyyatları keçirəcək. Biz  Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icra olunmasını istəyirik.
Azərbaycan xalqının da səbrinin bir həddi var. Qarşı tərəf maksimum dirəniş göstərəcək. Rusiyanın mövqeynin nə olması isə məni düşündürmür. Rusiya özünü düşdüyü bataqlıqdan çıxartmağı düşünsə, daha yaxşı olar". 

Partiya sədri onu da əlavə etdi ki, Rusiya haqsız Ukrayna savaşında özünün işğalçı mövqeyini ortaya qoymuş bir dövlətdir: "Ermənistan və Rusiya imza atdığı sənəddə öz imzalarına hörmətlə yanaşmalıdır. Rusiya dövlət olaraq öz prezidentinin imzasına sayqılı rəftar etməli, götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan ərazisində olan qanunsuz silahlı birləşmələri tərki-silah etməlidir. Əks halda öz imzalarına sayqısız yanaşacaqlarsa təbii ki, Azərbaycan tərəfindən də sərt reaksiyalar görəcəkdir. 44 gün ərzində alınmaz qalalar hesab edilən zirvələri Azərbaycan ordusu fəth etdi. Ordumuz digər bölgələrində də anti-terror əməliyyatı keçirib Azərbaycanın üç rəngli bayrağını dalğalandırmaq iqtidarındadır. Azərbaycan dövlət olaraq səbrli və dözümlü diplomatiya aparır. Bu səbrin və dözümün də bir sonu olacaq”.
 
 Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti