ABŞ kəşfiyyatı Paşinyanı sıxışdırır: Ermənistana ciddi təhlükə...

15:20 22 İyul 2022

"CİA direktoru Uilyam Börnsün Ermənistana gəlişi onu göstərir ki, ABŞ-ın Cənubi Qafqaz maraqlarının reallaşdırılması qarşısında kifayət qədər ciddi problemləri mövcuddur. Çünki əks halda, ABŞ-ın kəşfiyyat şefi deyil, sadəcə, Dövlət Deportamentinin hansısa məmuru və ya dövlət katibi Entoni Blinken gələrdi. Bu isə o deməkdir ki, ABŞ-ın Cənubi Qafqaz maraqları qarşısında yaranmış problemlər indiki mərhələdə siyasi-diplomatik müstəvidə nizamlanma imkanlarından uzaqdır. Və CİA direktorunun birbaşa müdaxiləsinə ehtiyac yaranıb".

Bu fikirləri siyasi şərhçi Elçin Xalidbəyli SİTAT.İNFO-ya açıqlamasında deyib. 

O bildirib ki, CİA şefinin yalnız Ermənistana səfər edərək, baş naziri Nikol Paşinyanla görüşdükdən sonra geri dönməsi də müəyyən nəticələr çıxartmağa imkan verir: "Belə anlaşılır ki, ABŞ-ın Cənubi Qafqazdakı maraqları qarşısında olan problemlər əsasən Ermənistanın davranışları ilə bağlıdır. Və bu səbəbdən də, rəsmi İrəvandan məmnun olmayan Ağ Ev CİA direktorunu son xəbərdarlıq üçün Ermənistana göndərmək məcburiyyətində qalıb.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son aylar ərzində ABŞ-ın qıcıqlanmasına səbəb ola biləcək müəyyən addımlar atıb. Birincisi, rəsmi İrəvan böyük sürətlə Rusiya və İrana yaxınlaşmaqdadır. ABŞ üçünsə, “Soros” Fondunun ssenarisi üzrə hakimiyyətə gətirilmiş baş nazir Nikol Paşinyanın bu iki dövlətlə “qırmızı cizgiləri” aşan yaxınlaşması qəbuledilməzdir. Çünki, ABŞ baş nazir N.Paşinyanı hakimiyyətə məhz Ermənistanın Rusiyadan qoparılmasına nail olmaq üçün gətirmişdi.

Ancaq indi belə anlaşılır ki, Ağ Evin hesabları tutmayıb və ABŞ-ın Ermənistanı Rusiyadan uzaqlaşdırmalı olan “Paşinyan planı” iflasa uğramaq üzrədir. Çünki, Paşinyan hakimiyyətinin Rusiyaya yaxınlaşmasına paralel olaraq, rəsmi İrəvan həm də Kremlə ABŞ-ın Ermənistandakı gizli biolaboratoriyalarına Rusiya mütəxəssislərinin nəzarət etməsinə imkan yaradacağını vəd edib. Halbuki, belə bir addım ABŞ-ın hərbi sirlərinin Rusiyaya təhvil verilməsi və Ağ Evin Cənubi Qafqaz hədəflərinin isə ciddi zərbə altında qoyulması anlamına gəlir".

E.Xalidbəyli onu da qeyd etdi ki, Ermənistan Rusiyaya beynəlxalq sanksiyalardan yayınmaq imkanları da yaratmağa başlayıb: "Bununla bağlı bir sıra faktlar artıq ortaya çıxdığından ABŞ Ermənistanı “qara siyahı”ya da salıb. Hazırda Ermənsitan ABŞ-ın maraqlarına problemlər yaradan Rusiyayönümlü dövlətlər blokuna daxil olmağa başlayıb. Bu baxımdan, Ermənistanın da tezliklə sanksiyalara məruz qalan Rusiya, Belarus və İranın sırasına əlavə edilə biləcəyi qətiyyən istisna deyil. 

Təbii ki, bunun belə olub-olmayacağı ilk növbədə CİA şefinin erməni baş nazirlə qapalı görüşünün nəzticələrindən asılı ola bilər. Böyük ehtimalla U.Börns baş nazir N.Paşinyana ABŞ-ın maraqlarının Rusiyaya təhvil verilməsinin Ermənistan üçün doğura biləcəyi ağır nəticələr (ABŞ-ın cavab reaksiyası) barədə Ağ Evin xəbərdarlıq mesajını çatdırıb. Ermənistan mətbuatının iddialarına görə, baş nazir N.Paşinyana hakimiyyətə gəlməkdən öncə ABŞ kəşfiyyatı ilə gizli anlaşmaları da xatırladılıb. Və bu, o deməkdir ki, baş nazir N.Paşinyanın CİA agenti olma ehtimalı kifayət qədər yüksəkdir. Ancaq məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, son vaxtlar erməni baş nazirin CİA qarşısındakı öhdəliklərinə sadiq qalmadığı da iddia olunur. Əgər, baş nazir N.Paşinyanın CİA ilə əlaqələri "agent statusu"na bağlıdırsa, Uilyam Börnsün İrəvana səfəri onun siyasi karyerası və Ermənistan üçün ciddi təhlükənin yarandığının ilkin əlaməti kimi qəbul oluna bilər. Hər halda, CİA-nin erməni baş nazirin ABŞ-a xəyanətini cəzalandırmaq üçün kifayət qədər mexanizmlərə malik ola biləcəyi qətiyyən istisna deyil".

Siyasi şərhçi bütün bunlara toxunaraq vurğuladı ki,  Ermənistanın və baş nazir Nikol Paşinyanın başının üstünü “qara buludlar” alıb: "İndi həmin “qara buludlar”ın dağıdılması üçün Paşinyan hakimiyyətinin cəmisi iki variantı var. Bu variantlardan biri Rusiyanın Ermənistanı və baş nazir Nikol Paşinyanı ABŞ-dan gözlənilə biləcək təhlükələrdən yayındırmasıdır. Və Kremlin bunu bacara biləcəyinə indidən əmin olmaq çətindir.

Digər varianta gəldikdəsə, Paşinyan hakimiyyəti CİA şefi vasitəsilə ABŞ-ın çatdırdığı xəbərdarlıq mesajlarından nəticə çıxartmalıdır. Bununla da Paşinyan hakimiyyəti Ağ Evin gizli biolaboratoriyalar və Rusiyaya qarşı sanksiyalara münasibətdə Ermənistanın tutmalı olduğu mövqe ilə bağlı direktivlərini yerinə yetirməklə, ABŞ-ın siyasi dəstəyini yenidən öz arxasına almağa nail ola bilər. Bu haldasa, Ermənistan və Paşinyan hakimiyyəti Rusiyanın sərt təzyiqləri altında qalmalı olacaq. Yəni, istənilən halda, Ermənistan üçün real təhlükənin qaçılmazlığı inkaredilməzdir".

Nərgiz LİFTİYEVA

SİTAT.İNFO



Xəbər xətti