"İstanbulda imzalanan taxıl anlaşması hər tərəf üçün faydalıdır. Rusiya Ukrayna taxılına dünya bazarlarına keçid imkanı verməklə işğalçı müharibə ilə yanaşı qarşı tərəflə danışıqlardan və razılaşmalardan da imtina etmədiyini göstərdi".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ukrayna İstanbul razılaşmasıyla taxılını dünya bazarına çıxarır və ölkə üçün indiki ağır vəziyyətdə lazımi valyuta əldə edir: "Danışıqların üçüncü tərəfi olan BMT razılaşma ilə azalan nüfuzunu bərpa etməyə çalışdı. Nəhayət son aylarda razılaşmanın əldə edilməsi üçün hamıdan çox çalışan Türkiyə bölgədə onun iştirakı olmadan heç bir problemin həll olunmadığını və Ankaranın vasitəçiliyinə ehtiyac olduğunu sübut etdi".
E.Şahinoğlu vurğuladı ki, razılaşmanın müddəti 3 aydır, uzadıla bilər: " Ancaq Rusiyadan istənilən təxribat gözləmək mümkündür. Doğrudur, prosesə nəzarət məqsədilə İstanbulda ortaq mərkəz fəaliyyət göstərəcək. Mərkəz taxıl daşıyan gəmilərin təhlükəsiz hərəkətinə nəzarət edəcək. Əgər taxıl anlaşması uğurla həyata keçirilərsə, bu işğalçı müharibə başlayandan bu yana Rusiya ilə Ukrayna arasında yerinə yetirilən ilk uğurlu saziş olacaq. Bu başlanğıc olaraq başqa anlaşmalara da yol aça bilər, yetər ki, Kreml işğalçı müharibədən çıxmaq üçün danışıqlara hazır olsun. Hər halda Ankara bu istiqamətdə də təşəbbüslərini davam etdirəcək".
Nərgiz,
SİTAT.İNFO