Rusiya-Ukrayna savaşı uzandıqca, Qərb dairələrinin proqnozlarından fərqli olaraq, daha çox itirən tərəf Ukraynadır. Rusiya bir tərəfdən neft və qaz gəlirlərindən qazancını artırır və müharibə itkilərini kompensasiya edir, Ukrayna isə həm ərazi itirir, həm şəhərləri yerlə-yeksan edilir. Bəs belə davam edərsə, müharibə yaxınlarda kimin üstünlüyü ilə bitə bilər?:
Mövzu ilə bağlı "SİTAT.İNFO"-ya danışan deputat Asim Mollazadə bildirdi ki, yeni silahlar yetərincə verilərsə, Ukrayna qalib gələ bilər: "Ukrayna əsgərlərinin böyük motivasiyası var- vətəninin, torpağının azadlığını qorumaq. Ukrayna yeni müasir silahlarla təmin olunarsa, öz torpaqlarını azad etməyə qadir olacaq".
Deputat vurğuladı ki, hal-hazırda, Rusiya ilə Ukrayna arasında güc nisbəti Ukrayna xeyrinə deyil: "Eyni zamanda müəyyən qədər verilən silahlar uğurla Ukrayna tərəfindən istifadə olunub və Rusiyanın irəliləyişi dayandırılıb. Çox gümanki yeni silahlar gələnə qədər bu vəziyyət davam edəcək və əfsuslar olsun ki, mülki əhaliyə zərbələr endirilir. Uşaqlar, qadınlar, qocalar qətlə yetirilir. Böyük bir faciə baş verir və təəsüf ki, növbəti dəfə beynəlxalq təşkilatlar özlərinin zəifliyini göstərdilər və real hüququn aliliyini müdafiə edə bilmədilər".
Səid İsaoğlu,
SİTAT.İNFO