“Şimal axını” boru kəmərindəki borulardan birini bağlayacağını açıqlayan şirkət, kəmərin daşıyıcılıq gücünün 40 faizdən 20 faiz gücünə enəcəyini bildirib
Rusiyanın enerji nəhəngi “Qazprom” Avropa İttifaqına qaz axınını əhəmiyyətli dərəcədə azaldacağını açıqlayıb. “Qazprom” bunun təmir işləri ilə bağlı olduğunu desə də, Almaniya hökuməti qaz təchizatını kəsmək üçün heç bir texniki səbəb olmadığını deyir.
Bu addımın qışa qədər qaz ehtiyatlarını doldurmaq istəyən Aİ ölkələrinin işini çətinləşdirmək üçün atıldığı da istisna edilmir.
Rusiyadan Almaniyaya qaz nəql edən “Şimal axını 1” kəməri həftələrdir ki, gücündən aşağı işləyir.
Bu ay 10 gün ərzində xətt tamamilə təmirə bağlanıb. Rusiya keçən il Aİ-nin təbii qaz ehtiyacının 40 faizini ödəyib.
Aİ Rusiyanın təbii qazdan silah kimi istifadə etdiyini iddia edir. Rusiya qaz axınını tamamilə bağlaya biləcəyini elan etdikdən sonra Avropa Komissiyası üzv ölkələri növbəti 7 ay ərzində qaz istehlakını 15 faiz azaltmağa çağırıb.
Bu, məsləhət xarakterli çağırış olsa da, fövqəladə hallarda məcburi olmaq potensialına malikdir. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Aİ-yə qaz satışını dayandırmasının “mümkün ssenari” olduğunu deyib.
Qeyd edək ki, Aİ ölkələrinin enerji nazirləri bu gün Brüsseldə görüşür və planları yekunlaşdırmaq məqsədi daşıyır.
Lakin bəzi üzv dövlətlərin etirazları səbəbindən planlarda istisnalar ola bilər.
Xatırladaq ki, Rusiyanın fevral ayında Ukraynaya hücumundan sonra bütün dünyada enerji qiymətləri artmağa başlayıb.
“Qazprom”un açıqlamasından sonra Ukrayna prezidenti Vladimir Zelenski “Rusiya vahid Avropaya qarşı qaz müharibəsi aparır” deyib.
Qazprom isə sanksiyalardan əvvəl Kanadada təmir edilən boruları bu ölkəyə göndərə bilməyəcəyini vurğulayaraq, ixtisarlara görə sanksiyaları günahlandırır.
Şirkət bundan əvvəl Bolqarıstan, Danimarka, Finlandiya, Hollandiya və Polşaya qaz axınını tamamilə kəsmişdi, çünki onlar avro və ya dollar əvəzinə rublla ödəniş tələblərini qəbul etmirdilər.
Nərgiz LİFTİYEVA
SİTAT.İNFO