Qarabağdan 1 nəfər də erməni silahlısı çıxmayıb: "Ermənistan rəsmiləri bu yalanlarla zaman qazanmaq istəyir"

13:02 26 İyul 2022

"Biz unutmamalıyıq ki, qarşımızda Ermənistan və havadarlıq edən bir neçə dövlət var. Onlarla həm siyasi, həm də hərbi müstəvidə mübarizə aparırıq. Bu zaman-zaman özünü hansısa  formada göstərir, gah atəşkəs rejimi pozulur, gah hansısa müsbət fonda bəyənatlar səsləndirilir. Amma mən bunların heç birinə inanmıram. Müharibədən az qala  2 il ötür, amma Ermənistantan və ona havadarlıq edənlər , başda Rusiya Federasiyası olmaqla guya  bu işdə vasitəçilik rolunu oynayan dövlətlər  zərrə qədər də olsa heç bir irəliliyə doğru addım atmıyıblar. O ki qaldı, Ermənistanın Azərbaycanla gah sülh müqaviləsi imzalamaq haqqında bəyənatları, gah da Türkiyə ilə yaxınlaşmaq cəhdləri hamısı saxta görüntüdür".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səsləndirib. 

Onun sözlərinə görə, Ermənistan bu qərarları özü qəbul etsəydi çoxdan öz qərarını vermişdi, amma  Ermənistanın düyməsi Moskvada, Parijdə, bəzi hallarda da Amerikada olur: "Ermənistanın tez bir zamanda müsbət addım atacağı heç də inandırıcı deyil. Hazırda durğunluqdur. Sərhədlə bağlı hansısa bir fikir və addım da yoxdur. Hətta qeyri-qanuni silahlı birləşmələr də çıxarılmıyıb. Bu yaxınlarda Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bir səfeh bir bəyənat səsləndirdi ki, bu proses artıq başlıyır və sentyabrda yekunlaşacaq. Biz ictimayət və mətbuat nümayəndələri olaraq indiyə kimi ermənilərin Qarabağdan çıxmasına dair bir faktı belə eşitməmişik. Əksini görmüşük ki, Ermənistandan Qarabağa mülki geyimdə insanlar gəlib. Onlar orada paltarlarını dəyişib və onlara silah verilib".

Ü. Cəfərov vurğuladı ki, Ermənistanın Qarabağdan qoşunlarını çıxarması xəbərləri yalandır və Ermənistanın növbəti hiyləgərliyidir: " Onlara vaxt lazımdır. Əgər qoşunları çıxartmaq istəsəydilər, çoxdan çıxartmışdılar. Amma görünür ki, çıxarmaq haqqında düşünmürlər. Biz onların bu 28 ildə etdikləri vəhşilikləri, yalanları, riyakarlığı görmüşük. Heç olmasa növbəti dəfə aldanmayaq. Ermənistan həqiqətən bölgədə sülhün, əmin-amanlığın yaranmasında maraqlı olsaydı, çoxdan öz qərarını verərdi və o qərarı da yerinə yetirərdi".

Zəngəzur dəhlizinə gəldikdə isə, hərbi ekspert vurğuladı ki, onsuz da o dəhliz açılacaq və kommunikasiyalar fəaliyyətə başlıyacaq: "Sadəcə biz də biraz möhkəm olmalıyıq və sərt tələblər irəli sürməliyik. Biz 44 günlük savaşın qalib tərəfiyik və Ermənistan da məğlub tərəfdir. Və o imzalanan sənədin müddəaları Ermənistan tərəfindən yerinə yetirilməlidir. Rusiya hoqqabazlıqla məşğuldur və Ermənistan da o hoqqabazlığın girovudur. Rusiya Azərbaycanla da 2022-ci ilin 22 fevral tarixində, Ukraynaya müdaxilədən az öncə sənəd imzalamışdı. Amma bu günə kimi biz Rusiya tərəfindən də konkret addım görmürük. Zaman-zaman boş-boş bəyənatlar səsləndirilir, amma heç bir nəticə yoxdur".

Ü.Cəfərov hesab edir ki, Ermənistan rəsmiləri zaman qazanmaq istəyirlər: "Guya qoşunları çıxardırlar, prosesi sentyabırda yekunlaşacaq. Bu da Ermənistanın növbəti yalanlarından biridir. Amma yenə də Azərbaycan əsgəri, Azərbaycanın komando qüvvələri bu məsələni yekuna çatdıracaq. Ola bilər ki, indiki dəqiqələrdə olsun,  ola bilər ki 1 ay sonra olsun. Amma bu qaçınılmazdır və hər şey də buna doğru gedir. Nə qədər də üzücü olsa, biz yalnız zor güclə bu yaramazları öz ərazimizdən uzaqlaşdıracağıq.  Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərimiz də tam şəkildə Azərbaycanın yuridiksiyasına qayıtmalıdır və qayıdacaq. Buna heç kimin şübhəsi olmasın. Danışıqlar yolu ilə söhbətinə gəldikdə isə, göründüyü kimi bu üsul özünü doğrultmur. Danışıqlar yolu ilə həll edilməyən məsələ artıq 28 ildə özünü təsdiq etdi. Biz düşməni gücümüzü göstərməklə, ona zor tətbiq etməklə ağıllandıra bilərik və hər şey buna doğru gedir".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti