Azərbaycanın neftdən kənar ixracatında Türkiyənin payı Rusiyanı ötdü

15:07 28 İyul 2022

"Son illər Azərbaycan və Türkiyə arasında imzalanmış anlaşmalar, o cümlədən iki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, preferensial ticarət rejimi ölkələrin qarşılıqlı iqtisadi və ticari əlaqələrini genişləndirib".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu ilk 5 ayının yekunlarına əsasən, Türkiyə  Azərbaycanın ümumi ticarət dövriyyəsində 11.9 faizlik payla ikinci yerdədir: "İlk sırada enerji məhsulları ixrac etdiyimiz İtaliyadır (37.4 %).

Mühüm məqamlardan biri qeyri-neft ixracatımızda Türkiyənin ilk sırada olmasıdır. Belə ki, ötən il daxil olmaqla əvvəlki dövrlərdə Rusiya neftdən kənar ixracatımızda birinci olsa da, artıq Türkiyə öndədir. Ötən ilin yekunlarında qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiya 32,3, Türkiyə isə 24,9 faiz paya malik idi. Artıq Türkiyənin payı 32,8 faizə yüksəlib, Rusiya isə 22.2 faizə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycana neftdən kənar ixracatdan daxil olan hər 100 dolların 32 dollarından çoxu Türkiyənin payına düşür".

Deputat vurğuladı ki, iki qardaş ölkə arasında ümumi ticarət dövriyyəsinin 2023-ci ilin sonunda 15 milyard dollara çatdırılması hədəflənir: "İqtisadi əlaqələrin inkişafı strateji mütəffiqlik üçün vacib şərtlərdəndir. Nəticələr ümidvericidir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti