ABŞ-da meymun çiçəyi həyəcanı: Yoluxma sayına görə ilk sıraya yüksəldi!

13:13 28 İyul 2022

Dünya koronavirusu geridə qoymağa və dərindən nəfəs almağa çalışarkən, meymun çiçəyi virusunun sürətlə yayılması təhlükəsi yenidən təşviş yaradıb. Ölkələr yoluxma sayını açıqlayarkən, ABŞ-ın dərc etdiyi son  məlumatlar ötən 24 saatda rekord artıma işarə etdi.
SİTAT.İNFO xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri çərşənbə günü 1048 yeni yoluxmanı təsdiqləyib. Beləliklə, meymun çiçəyinə yoluxma hallarının sayında ABŞ toplamda 4639 yoluxma ilə İspaniyanı geridə qoyaraq epidemiyanın yeni mərkəzi olub.
Son məlumatlara görə, indiyədək İspaniyada 3738 yoluxma halı aşkarlanıb.

ABŞ-da yoluxmaların rekord dərəcədə artmasının səbəbini, CDC testlərin sayının artması ilə bağlı ola biləcəyi bildirilib.

Qeyd edək ki, meymun çiçəyi virusu  hamilə qadınlarda, uşaqlarda və immun sistemi zəif olan insanlarda ağır keçir. Mütəxəssislər xəstəliyin xüsusilə uşaqlarda böyüklərdən daha ağır keçdiyini bildirlər.

ABŞ-da bu həftə 2 uşağın meymun çiçəyi virusuna yoluxduğu, onlardan birinin Kaliforniyada, digərinin isə Vaşinqtonda olduğu açıqlanıb.
Daily Mail-in məlumat analizinə görə, İspaniyada orta hesabla gündə 108 yoluxma qeydə alınarkən, ABŞ-da isə bu rəqəm 216 olaraq qeydə alınır.

KÜTLƏVİ PEYVƏND
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom "Hazırda meymun çiçəyinə qarşı kütləvi peyvənd etməyi tövsiyə etmirik" - deyib.
Danimarkada yerləşən Bavarian Nordic biotexnoloji şirkəti tərəfindən meymun çiçəyinə qarşı hazırlanmış Imvanex peyvəndi Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənib.

Bayden rəhbərliyinin bu həftə meymun çiçəyi səbəbilə  "fövqəladə vəziyyət" elan etməsi gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 23-də keçirilən toplantıda meymun çiçəyi virusunun qlobal fövqəladə hal olaraq xarakterizə edildiyini bildirərək, virusun daha çox ölkəyə yayıla biləcəyi barədə xəbərdarlıq edib.

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti