"Ukrayna məsələsi başladığı ilk günlərdən demişdim ki, ruslar Ukraynanı Sağ sahil və Sol sahilə bölmək istəyəcəklər. Unutmaq olmaz ki, bütün bölünmələr tarixi, coğrafi, etnik və ya dini əsaslarda olur. Ruslar Ukraynanı bölməklə işğala legitimlik qazandırmaq istəyirlər".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov deyib.
Onun sözlərinə görə, rus meylli bir hakimiyyət bir hissədə yaranarsa LNR-DNR və Krımın işğalı legitimləşə bilər: "Zatən, ruslar hüquqi cəhətdən Meydan hərəkatının legitim və sivil proses olmadığını deyirlər. Ukrayna isə qalıb ortada. Bir tərəfdə dünyanın hərbi nəhənginin işğalçı hücumu, digər tərəfdən Qərbin Ukraynanı öz maraqları üçün istifadə etməsi. Son zamanlar görürük ki, bizim Rusiya ilə bağlı proqnozlarımız özünü doğurur. Ukraynanı döyüş meydanında tək buraxan Qərb sanksiyaları bir tərəfdən azaldır. Digər tərəfdən ruslarla arxa baxçada görüşür. Bundan biz də nəticə çıxarmalıyıq".
A.Hüseynov vurğuladı ki, Rusiya planlı və davamlı səbrlə öz planlarını reallaşdıran hərbi nəhəngdir: "Amerikanın belə hərbi münaqişədə üz-üzə gəlmək istəmədiyi tarixi imperial davranışa malik ölkədir. Qərb isə bankirlərin və istehsal oliqarxiyasının idarə etdiyi etibarsız müttəfiq, maraqbaz tərəfdaşdır. Ona görə Ukraynanın bölünə biləcəyi tam ehtimal edilən variantdır. Bəlkə tək olanda Zelenski belə deyir ki, bu iş olsaydı, bu savaş dayanardı. Onsuz da bunun mesajlarını vermişdi. Üzərində ukraynalı olmayan torpaqlar nəyimizə lazımdır deyə..."
Nərgiz,
SİTAT.İNFO