"Vladimir Jirinovski illər boyu Kreml sahibinin danışan dili kimi çıxış edib, Rusiya prezidentinin hədəflərini səsləndirib, daha sonra bunların reallaşması üçün “addımlar” atılıb. Krımın ilhaqı və bu il Ukraynaya qarşı başlanan işğalçı müharibə bunun nümunəsidir. Ölən Jirinovskinin yerini Putinin dostu Dmitri Medvedyev doldurmağa çalışır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedyevin yeni açıqlaması Ukraynanın 4 ölkə (Rusiya, Polşa, Rumıniya və Macarıstan) arasında bölünəcəyi ilə bağlıdır: "O bununla bağlı xəritə də yayınlayıb. Bu xəritə ilə Kreml sahibi adı çəkilən Avropa dövlətlərinə belə bir mesaj göndərməyə çalışır ki, “Rusiyaya aid ərazilər götürüldükdən, (yəni işğal edildikdən) sonra Siz də Ukraynadan öz payınızı qoparın”.
E.Şahinoğlu vurğuladı ki, Ukraynanın müharibədən əvvəl Avropa qonşularıyla müxtəlif məsələlərlə bağlı mübahisələri olub: "İndinin özündə də Macarıstanın siyasəti Kiyevdə müəyyən suallar doğurur. Ancaq adı çəkilən dövlətlərin Ukraynanı parçalamaq kimi niyyətləri yoxdur, Avropada sərhədlərin təftiş olunması hamının zərərinə olduğundan heç bir dövlət Kremlin təxribatına uymaz".
Səid,
SİTAT.İNFO