HİMARS-la başlayacaq əks hücum Ukrayna ordusuna böyük uğur gətirəcək - ŞƏRH

16:57 29 İyul 2022

"Rusiya-Ukrayna müharibəsi artıq uzun müddətdir ki, başlayıb və hələ də davam edir. Müharibədə hər iki dövlət zərər çəkdi. Dünya ölkələri, xüsusilə də Qərb müharibədə Ukraynaya öz dəstəyini əsirgəmir. Müxtəlif texnikalar, silah-sursat verərək köməyini göstərir. Rusiya bu ölkələr tərəfindən demək olar ki, təcrid olunub. Qərbin Ukraynaya xüsusi dəstəyini bir mənalı qiymətləndirməyərək bu müharibənin əslində Qərbin oyunu olduğunu düşünənlər də çoxdur. 
Rusiya-Ukrayna müharibəsinin bu vaxta qədər uzanmasının səbəbi nədir və müharibə meydanında son vəziyyət necədir?
Qərbin Ukraynanı yeni tipli texnika  “Himars”la təmin etməsi müharibənin gedişinə təsir edəcəkmi? Ukrayna üstünlük qazanıb müharibəni öz xeyirinə dəyişə bilərmi? 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən hüquq müdafiəçisi Çingiz Qənizadə bildirdi ki, Ukrayna ordusu elə bil sıçrayışa hazırlaşır: “Qərbdən aldıqları silahlardan istifadə qaydalarını öyrənir, Ukrayna təyyarəçiləri xaricdə təcrübə keçirlər. “Himars”lar isə Rusiya-Ukrayna müharibəsində ciddi döyüşə səbəb ola biləcək faktdır və bu sistemdən istifadə edərək Ukrayna əks zərbələr endirməyə hazırlaşır. 
Ukrayna Rusiya ərazisindəki hərbi hədəfləri vurmaqdan çəkinəcək çünki, hələlik müharibə Ukraynada gedir və Ukraynanın savaşdakı addımları bütün dünya tərəfindən dəstəklənir. Eyni zamanda “Himars”ların verilməsində də müəyyən öhdəliklər var, bu silahlar Rusiyanın ərazisinin vurulmaması şərti ilə Ukraynaya verilib”.

Çingiz Qənizadənin sözlərinə görə, təkcə "Himars”lar deyil, özüyeriyən artilleriya, raket qurğuları, köhnə Sovetdən qalan, Avropa ölkələrində olan digər hərbi texnikalar Ukrayna üçün olduqca vacibdir: "Çünki hərbi sursatların tükənməsi ehtimalı da var, bu həm də Rusiyada da hiss olunur. Belə ki, onlar artıq ehtiyatda olan sursatlardan istifadə etməyə başlayıblar".

Ç.Qənizadə vurğuladı ki, bütün hallarda qələbə Ukraynanın olacaq: "Fevral ayının 24-dən başlayan müharibədə Rusiya istədiyinə nail ola bilməyib, əksinə 10 minlərlə canlı qüvvə, milyardlarla silah-sursat, texnika itirib, dünyadan təcrid olunub. Bu baxımdan düşünürəm ki, cəbhədə də “Himars” və digər tipli silahların tətbiqi ilə başlayan əks hücum Ukrayna ordusuna böyük uğur gətirəcək".
 
Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti