"Akademiyanın müəyyən strukturlarının Təhsil Nazirliyinə birləşdirilməsi , Elm və Təhsil Nazirliyinin yaradılması strateji olaraq doğrudur. Prezidentin bu addımı əslində çoxdan səslənən çağırışların gerçəkləşdirilməsidir".
Bu sözləri deputat Fazil Mustafa SİTAT.İNFO-ya açıqlamasında deyib.
Onun fikrincə, haqlı olaraq Akademiya bir struktur olaraq ləğv edilmədi: "Əsasən də tədqiqat yönlü müəsissələr, təbiət elmlərinə bağlı olan sahələr bura verildi. Burada əsas məqsəd nazirliyin vasitəsi ilə bunların ayrı-ayrı universistetlərə köçürülməsi mənası daşıyır. Amma bu kimi məsələlərin elmi ictimiayyətlə nə dərəcədə müzakirə olunması, onun nəticələri ilə bağlı məlumatım yoxdur. Bildiyim qədər bu məsələnin elmi ictimaiyyət tərəfindən müzakirəsi nəzərdə tutlmayıb. Çünki məmur düşüncəsi ilə verilən təkliflər nə qədər faydalı təkliflər olsa belə, onun həyata keçirilmə mexanizmi yenədə konkret alimlərin düşüncəsi ilə gerçəkləşə bilər və bu məsələdə alimlərin rəyinin olması vacibdir".
Deputat vurğuladı ki, ictimayət bu məsələdə ən azı istiqamətin nə olduğunu görməlidir: "Çünki, yaradılan bir sıra qurumlar effektli olmadı. Məsələn, nəqliyyat sahəsində çox bərbad bir durum yarandı, birləşdirmələr və ayırmalar bir sıra problemlər yaratdı. Bakı Nəqliyyat Agentliyinə bağlı və başqa məsələlər bunu özlüyündə göstərdi. O baxımdan da bu məsələdə biraz daha əhatəli müzakirəyə zəruriyyət yaratdı. Bu qərar qəbul olunub , hər halda qərar strateji olaraq müsbət qəbul olunmalıdır. Çünki, burada zərərli bir tendensiya yoxdur. Əslində bu vəziyyətdən çıxış yoludur. Amma vəziyyətdən çıxış yolu üçün bu yeni yaradılan nazirlik hansı komandaya tapşırılacaqdır? ".
F.Mustafa hesab edir ki, burada önəmli olan prosesin başında hansı komandanın durmasıdır: "Hansısa rəqəmlərlə, slaydlarla manipuliyasiya edib, amma konkret bir iş görə bilməyən komandanını əlində olacaqsa, elmimiz də tamamı ilə sıradan çıxmış bir vəziyyətdə olacaqdır. Bu mövzu üzərində düşünməliyik və elə etməliyik ki, əvvəlki səhvlərimizə yol verməyək. Mən düşünürəm ki, xaricdən mütəxəssis gətirilməsi daha məqsədəuyğundur. Xüsusilə də Cənubi Koreyadan ola bilər. Bu sayədə biz elm və texinakının inkişafına yol aça bilərik. Alimlərin azad düşüncə mexanizmini yarada bilərik.".
Deputatın sözlərinə görə, əgər düşüncə azadlığı olmasa alim heç vaxt heç nəyi kəşf edə bilməz: "Hətta Sovet dövründə olduğundan da az səviyyədə alimlərin düşüncə azadlığı, fəaliyyət genişliyi var. Bu da elm sahəsində tənəzzülə uğramasının səbəblərindən biridir. Siyasəti elm mühitinin içindən çəkib çıxartmalıyıq. Siyasət sadəcə kənardan dəstəkverici rol oynamalıdır. Maliyyə ayırmalıdır, layihə verməlidir. Konkret bu məsələdə hansısa istiqamətverici rol oynaması doğru deyil. Düşünürəm ki, bizim daha çox müzakirəyə ehtiyyacımız var. Bu mövzu ilə bağlı bir neçə elmi, praktiki müzakirə keçirilməlidir. Vəziyyəti ölkə prezidentinə çatdırmaq üçün və birlikdə bu müzakirələrin ən yüksək səviyyədə aparılmasını təmin etmək üçün fürsətimiz var. Biz bu fürsəti doğru dəyərləndirib nəticə əldə edə bilərik. Ümid edirəm ki, bu mərhələdən sonra müzakirələr aparılacaq. Hal-hazırda mədəniyyətimizin və təhsilimizin aqibətini görürük. Digər sahələrin də aqibətini görürük. Bunlar bərpa olunmaz bir səviyyədə problemlərin yaranması deməkdir. Əgər biz eyni yolu izləsək gələcəkdə daha böyük problemlərlə qarşılaşmamız qaçılmaz olacaq".
Səid İsaoğlu,
SİTAT.İNFO