Azərbaycanda devalvasiya baş verə bilərmi? - Ekspert AÇIQLADI

11:50 30 İyul 2022

Xəbər verildiyi kimi, ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 2,25-2,5 faizə çatdırıb. Eyni zamanda, hədəf dərəcəsi diapazonunun daha da artırılması məqsədəuyğun hesab edilib.

SİTAT.İNFO xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov Publika.az-a açıqlamasında Amerika hökumətinin FED-in uçot dərəcəsinə sərt müdaxiləsinin dolları təkcə öz ölkəsində deyil, həm də qlobal miqyasda gücləndirdiyini diqqətə çatdırıb:

“Bu da digər ölkələrin milli valyutalarının məzənnəsinə ciddi təsir edir. Həm beynəlxalq, həm də yerli milli valyutalar ucuzlaşmaya məruz qalır. Bu proses qarşıdakı dövrdə də davam edə bilər. Belə yanaşmanı məhz Amerikada tətbiq etməklə, müxtəlif vaxtlarda sərt şəkildə uçot dərəcəsini artırmağa başladılar. Bununla bağlı hazırlanmış planda artımın müəyyən müddətə davam etməsi nəzərdə tutulub”.

eldeniz.jpg (83 KB)

Ekspert bildirib ki, manatın qiyməti uzun müddətdir iqtisadi metodlarla deyil, inzibati metodlarla tənzimləndiyi üçün, dolların bahalaşmasının Azərbaycana hər hansı təsiri olmayacaq:

“Bahalaşma manatın istər lirə, istər yuan, istərsə də avro qarşısında bahalaşmasına səbəb olur. Azərbaycanın xarici ticarət dövriyyəsində dollarla alqı-satqının yüksək səviyyədə aparılmasının və Dövlət Neft Fondunda ehtiyatların 70 faizinin dollarla saxlanılmasının ölkəmiz üçün mənfi fəsadlar törədəcəyini düşünmürəm. Rublda, avroda və digər valyutalarda saxlanılan hissədə müəyyən itkilər baş verəcək, amma dolların bahalaşması bu itkiləri konpensasiya edəcək”.

Ekspert düşünür ki, Azərbaycanda inflyasiyaya təsir edən amillərin dolların bahalaşması və FED-in uçot dərəcəsini artırması ilə əlaqəsi yoxdur:

“Bu. daha çox ölkədə istehsal olunan məhsulların maya dəyərinin, eyni zamanda idxal qiymətlərinin artmasından asılıdır. Digər tərəfdən ölkəmizin idxal asılılığı olan dövlətlərdə valyuta ucuzlaşdığı üçün, idxal məhsullarında da hansısa fəsadların olacağını düşünmürəm”.

Onun sözlərinə görə, dolların bahalaşması ilə cari ildə Azərbaycanda devolvasiya baş verməyəcək:

“Bunun üçün Azərbaycanda dollara olan tələbat artmalı, valyuta ehtiyatları tükənməli və neftin qiymətləri aşağı düşməlidir. Əgər bu proseslər bir neçə ay davam edərsə, o zaman müəyyən risklər yarana bilər. Ancaq hazırkı məqamda neftin qiymətinin yüksək, valyuta ehtiyatlarının çox olması və dollara tələbatın getdikcə azalması manata qarşı təzyiqin yüksək olmadığını göstərir. Buna görə də ölkədə devalvasiyanın baş verməsinin elan ediləcəyini gözləmirəm”.



Xəbər xətti