"Azərbaycan-Ermənistan sərhədində, yaxud da Qarabağ istiqamətində lokal və ya genişmiqyaslı hərbi əməliyyat Azərbaycanın legitim haqqıdır. 10 noyabr 2020-ci il bəyanatından 2 ilə yaxın vaxt keçir. Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanan bəyanatda əks olunan Azərbaycanın maraqları təmin edilməyib. Qalib ölkə kimi Azərbaycanın maraqları dərhal təmin olunmalıdır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli deyib.
Onun sözlərinə görə, gedişatdan aşkar şəkildə görünür ki, Rusiya prosesə var gücü ilə mane olur: "Rəsmi Moskva hər vəclə münaqişə predmenti yaratmağa və bu yolla Azərbaycan ərazisində hərbi mövcudluğunu saxlamağa çalışır. Bəyanatda qeyd olunmuşdu ki, sözdə Rusiya sülhməramlıları bölgədəki erməni silahlılarının tərkisilah edilməsi, bölgədən çıxarılması ilə paralel yerləşdiriləcək. Lakin bu baş vermədi, görünən odur ki, Rusiyanın bu istiqamətdə fəaliyyəti də yoxdur. Azərbaycan prezidentinin bu məsələ ilə bağlı son çıxışı da onu göstərdi ki, artıq məsələ sürətlə hərbi xarakter almağa başlayıb".
Partiya sədri onu da qeyd etdi ki, siyasi hakimiyyətin ritorikası, Müdafiə və Xarici İşlər Nazirliyinin fəaliyyətindəki hərəkətlənmə 2020-ci ildəki mənzərəni xatırladır: "Biz siyasi partiya olaraq bunu görürük və tərəfimizdən müntəzəm müşahidələr, qiymətləndirmələr aparılır. Bir daha qeyd etmək istəyirəm ki, hərbi əməliyyat Azərbaycanın legitim haqqıdır".
A.Əsədli informasiya siyasəti ilə bağlı narazılığını ifadə etdi: "Bununla belə, təəssüf doğuran məqamlar var. Təəssüflər olsun ki, bu cür milli-strateji məsələ ilə bağlı yetərli məlumat verilmir, hətta deyərdim ki, ümumiyyətlə nə baş verdiyi izah olunmur. Xalqın, ictimai-siyasi institutların bu tip proseslərdən kənarda qoyulması ölkəmizin legitim haqlarını azaldır. Bundan əlavə, düşmənin və onların havadarlarının dezinformasiya yaymasına, prosesi bizim əksimizə çevirmələrinə imkan yaradır. Hesab edirəm ki, bu cür məsələlərlə bağlı məxfiliyi qorumaq şərti ilə informasiya şəffaflığı təmin olunmalı, bu yolla daxili və xarici auditoriya olası risklərlə əlaqədar məlumatlandırılmalıdır".
Nərgiz,
SİTAT.İNFO