Çin Hong Kong-u geri almaq üçün 99 il gözlədi. 1842-ci ildə Britaniya Nankin müqaviləsinə görə bölgəni işğal edib öz koloniyası elan etdi, amma 1899-cu ildə imzalanan, 1911-ci ildə isə təsdiqlənən müqavilələrə görə Britaniya Hong Kong-u 99 il sonra müəyyən şərtlər çərçivəsində Çinə qaytaracağını təsdiqlədi. 1997-ci ildə Hong Kong Çinə geri qaytarıldı. Çinin dünyaya baxışı fərqlidir, döyüşçü deyillər, ticarətçidirlər. "Əgər düşməninin ölüsünü görmək istəyirsənsə, çayın kənarında otur-gözlə, bir gün düşmənin meyidini çay sənin qarşından axıdacaq" - belə düşüncəyə malik toplum müharibə etməz. Və ya, "əgər iki pələng döyüşürsə, ağıllı meymun ağaca çıxıb bu döyüşün sonu gözləyir", fikrini siyasi doktrinaya çevirən Çin ilk güllə atmaz, bu döyüşə daxil olmaz. Ona görə də, "Çin təyyarəni vuracaq, Tayvana qoşun yeridəcək", fikirlərinin əvvəldən əsası yox idi. Yəni, Çin Rusiya kimi emosional və axmaq deyil ki, özü gedib quyuya, və ya əvvəlcədən hazırlanan bataqlığa düşsün".
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Real partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Çinin dünyaya diktə edə biləcəyi ideoloji doktrinası da yoxdur, buna iddia da etmir: "Bəs yaxşı təhlükəsi nədir ? Çinin ən böyük təhlükəsi odur ki, avtoritar rejimin də uğurlu, güclü model qura biləcəyini sübut edə bilər. Bu isə dünyada demokratik sistemlərin uğur hekayəsini şübhə altına qoya bilər. Çin modelinə qədər heç kimdə şübhə yox idi ki, rifahın yolu liberal iqtisadiyyat və demokratiyadır, Pekinin son 30 ildə keçdiyi yol bu haqda müzakirələri qızışdırdı. Qərbin son illər liberal bazardan, iqtisadiyyatdan uzaqlaşması da bu diskursu artırdı. ABŞ və AB son illər iqtisadiyyata o qədər "sol" müdaxilələr etdilər ki, Qərbin tarixi üstünlüyünü şübhə altına qoydular, liberal iqtisadi modeldən kənarlaşdılar".
N.Cəfərli hesab edir ki, məhz buna görə dünyada avtoritar liderlərin və ölkələrin, o cümlədən Rusiya və Çinin ayağı yer aldı, daha aqressiv davranmağa başladılar: "Sədəcə Rusiya daha emosional və ağılsız, Çin isə çox soyuqqanlı və ağıllıdır. Qərbin bu iki "monstrı" yerinə otuzdurması ancaq öz əsgi, əsl liberal ayarlarına geri dönməsi ilə mümkün ola bilər. Təhlükəsizlik adı altında azadlıqları azaltmaqla, liberal iqtisadiyyatdan əl çəkməklə bu iki "monstra" qalib gəlmək olmaz, çünki hər iki avtiritar ölkənin ən zəif yeri, "Axilles dabanı" məhz liberal iqtisadiyyat və azadlıqların genişlənməsidir".