Bu gün səhər saatlarında Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Ölkəmizin sərhədləri daxilində düşmən tərəfindən atəşkəsin pozulması, Ordumuzun şəhid verməsi və üstəgəl təxribatın rus sülhməramlılarının nəzarəti altındakı ərazilərdən həyata keçirilməsi ictimaiyyəti qəzəbləndirib. Sosial şəbəkələrdə erməni silahlılarının anti-terror əməliyyatı ilə məhv edilməsi və rus sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı çağırışlar səslənməkdədir. Narazılıq doğuran daha bir məsələ isə bu gün şəhid olan əsgərimizin cəmi 4 aydır xidmətə başlaması, belə bir təhlükəli ərazidə xidmət aparmaq üçün gənc və təcrübəsiz olmasıdır.
Sual edilir ki, yeni yaradılan komando hərbi hissələri nə üçün bu cür ərazilərdə gənc əsgərləri əvəz etmir.
Cəmiyyəti narahat edən bu məqamlarla bağlı Sitat.info-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, əsgərin ilk 3 ayı tamam olduqdan sonra onun istənilən ərazidə xidmət etməsi üçün heç bir məhdudiyyət yoxdur: “Komando hərbi-hissələrinin isə vəzifəsi fərqlidir. Onlar xüsusi vəzifələri yerinə yetirməklə məşğuldurlar. Məsələn, onlar düşmənin 50-100 kilometr dərinliyində fəaliyyət göstərməkdən ötrüdür. Biz komando hərbi hissələrini aparıb birinci eşalonda və ya sərhəd xəttində yerləşdirə bilmərik. Bu onların təyinatına və vəzifəsinə uyğun gəlmir”.
Atəşkəsin pozulmasına gəldikdə isə, Ə.Verdiyev bildirdi ki, Azərbaycan ərazilərindən Azərbaycan əsgərinə atəş açılması, əsgərimizin şəhid edilməsi tamamilə qəbuledilməzdir: "Düşmənin təxribat xarakterli fəaliyyətinin qarşısının alınması üçün ordumuz kifayət qədər təsirli və adekvat tədbirlər görür. Nəticələrini də yaxın günlərdə, bəlkə də yaxın saatlarda eşidəcəyik. Belə təxribatlar heç vaxt Azərbaycan tərəfindən cavabsız qalmayıb. Ona görə bu dəfə cavabsız qalacağını ehtimal etməyə heç bir əsas yoxdur".
Nərgiz,
SİTAT.İNFO