"Sülhməramlıların anti-terror əməliyyatlarına qarışmağa ixtiyarı yoxdur" - Üzeyir Cəfərov

11:00 4 Avqust 2022

Ermənistan mediasında yer alan xəbərlərə görə, Azərbaycan ordusu Qarabağda anti-terror əməliyyatlarına başlayıb. Son məlumata görə  4 ölü, 15-ə yaxın yaralı var. Bu anti-terror əməliyyatları nə ilə nəticələnə bilər  və ümumilikdə silahlıların bütünlüklə çıxarılmasına nail ola bilərikmi?  Bu ərəfədə sülhməramlılar mövzusu necə  öz həllini tapmalıdır?

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan Müfafiə Nazirliyinin rəsmi mövqeyini gözləsək daha yaxşı olar: "Bu məlumat erməni tərəfinin məlumatıdır. İstənilən halda  səhər saatlarında Ermənistan tərəfinin təxribatı və  Rusiya sülhməramlılarının gözü qarşısında  əsgərimizin şəhid olması Azərbaycan tərəfindən cavabsız saxlanıla bilməz. Bu məsələ qaçılmazdır. Bir gün gec, bir gün tez, bu baş verməlidir. Çünki iki ilə yaxındır ki, mətbuat və ictimaiyyət olaraq bu məsələyə diqqət yönəldirik, amma təəssüf ki, həllini tapmır”.
Hərbi ekspert qeyd etdi ki, ölkəmizin aparacağı yeganə iş öz ərazisindəki tör-töküntünü uzaqlaşdırmaq olacaq: "Ermənilər Azərbaycanın hücuma keçdiyi yazırlar. Azərbaycan hara hücuma keçəcək? Biz  harasa hücuma hazırlaşmırıq və ordu çoxdan hazırdır.  Veriləcək tapşırıq da ordu tərəfindən yerinə yetiriləcək. Ermənistana danışıqlar prosesinin beynəlxalq müstəvidə başlaması lazımdır. Yenə də qondarma ATƏT-in Minsk qrupu səviyyəsində,  beynəlxalq güclərin dövrəyə girməsi ilə”.

Ü.Cəfərov vurğuladı ki, Rusiya sülhməramlılarının burada qalması yalnız erməni maraqlarına xidmət edir: "Anti-terror əməliyyatları başlayacağı təqdirdə Rusiya sülhməramlılarının heç bir halda  buna qarışmağa nə hüquqi, nə də mənəvi ixtiyarları var. Ona görə ki,  hüquqi baxımdan 2020-ci ilin  10 noyabr razılaşmasına  əsasən çoxdan bu işi görüb qutarmalı idilər. Görmədilər, ona görə belə faciə yaşandı. Artıq  Rusiya sülhməramlıları da bölgədən çıxarılmalıdır, özlərini doğrultmadılar. Onlar utanıb xəcalət çəkməli və bölgədən çıxmalıdırlar. Onların səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından biz bir nəfər gənc əsgərimizi itirdik. Allah rəhmət eləsin, gənc əsgərimizə!”.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti