"Özünü dindar adlandıran bir qrup şəxsin dini şüarlarla Azərbaycan səfirliyinə hücum etməsi vandalizm aktıdır. Azərbaycan bayrağının dini şüarlarla təhqir edilməsi təxribatçı davranışdır. Və heç şübhəsiz ki, bu qrup hansısa bir məkirli niyyətlə bu addımı atıb".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.
O bildirib ki, bu kimi qruplaşmaların İslam dini ilə, hər hansı bir məzhəblə heç bir əlaqəsi yoxdur: "Bunlar xarici dövlətlərin xüsusi xidmət orqanlarının sifarişi ilə adətən hərəkət edirlər. Düşünürəm ki, Azərbaycanda fəaliyyətini genişləndirə bilməyən radikal qruplaşmalar öz aləmlərində bu şəkildə Azərbaycandan qisas almağa çalışır, ölkəmizin müsbət imicinə zərbə vurmağa cəhd göstərirlər. Təbii ki, bu səylər uğursuzluqla nəticələnəcək. Çünki Azərbaycan cəmiyyətində bu kimi radikal cərəyanlara münasibət bəllidir, onların Azərbaycanda heç bir sosial bazası yoxdur. Azərbaycan inanclıları birmənalı olaraq, qətiyyətlə bu addımları pisləyir. Bu insanların hiddətinə səbəb olub. Çünki Azərbaycan bayrağı müqəddəsdir, Azərbaycan bayrağı uğrunda minlərlə Azərbaycan övladı Şəhid olub, canını fəda edib. Kimsə bu bayrağa hörmətsizlik edirsə, həm dövlətçiliyimizə, həm bütün dəyərlərimizə və eyni zamanda dinimizə hörmətsizlik edir".
İlahiyyatçı bildirdi ki, bu cərəyanların, bu radikal qrupların pozucu fəaliyyəti heç bir nəticə verməyəcək: "Onlar öz məkirli niyyərlərinə çata bilməyəcəklər. Çünki kimin kim olduğu hər bir insana, Azərbaycan vətəndaşına bəllidir. Buna görə də hesab edirəm ki, bu addım qətiyyətlə pislənilməlidir. Həm inanclı insanlar , həm ümimiyyətlə özünü müsəlman sayan hər bir şəxs, dünyanın hər yerində dini şüarlarla pərdələnib pozucu fəaliyyətlə məşğul olan qruplara öz sərt münasibətini göstərməlidir".
Ləman Sərvanqızı,
SİTAT.İNFO