"Təxribatın məqsədlərindən biri Azərbaycan cəmiyyətini parçalamaqdır" - Tural Abbaslı

12:13 6 Avqust 2022

"Londonda səfirliyimizə qarşı baş verən hücumun qətiyyən dinlə, dini məzhəblərlə, islamla heç bir əlaqəsi olmadığı düşüncəsindəyəm.  Bu hücumun, bu vandalizmin, bu təxribatın İslam dininə, Həzrəti Mehdiyə, Həzrəti Hüseynə, Həzrəti Əliyə və yaxud da digər İslam dəyərlərinə heç bir adiyyatı yoxdur". 
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

Tural Abbaslı qeyd edib ki, Londonda baş verən hadisə Azərbaycana və Azərbaycan dövlətçiliyinə qarşı üçüncü qüvvələrin provokasiyası, təxribatıdır : "Biz burada ayıq-sayıq olmalıyıq. Üç-beş nəfərin orada gəlib din şüarı altında dövlətimizə qarşı, dövlət atributlarımıza qarşı elədikləri hörmətsizliyi  dindarların, dünya müsəlmanlarının ayağına yazmaq qətiyyən doğru deyil. Onda belə çıxır ki, İŞİD-i də İslamın ayağına yazmaq lazımdır, yaxud da digər terror təşkilatlarını... Bu növbəti bir terror təşkilatı idi, bu hücum da elə terrorun başqa bir növüdür. Odur ki, bunun İslam dininə heç bir adiyyatı yoxdur. Ola da bilməz. Vətəndaşlarımızı da bu məsələdə diqqətli olmağa çağırıram". 

Partiya sədri bildirib ki, bu təxribat idi və təxribatın məqsədlərindən biri də məhz Azərbaycan cəmiyyətini parçalamaqdır : "Dindarlar, qeyri-dindarlar, dövlətçilər arasında qarşıdurma yaratmaqdır. Bayrağımızın üstündə İslamın rəmzi olan yaşıl rəng var. O rəngə belə hörmət etməyən necə dindar ola bilər ? Və yaxud da Azərbaycan müsəlman dövlətidir. O dövlətin səfirliyinin yanında qeyri-müsəlman , yəni əhalisi İslam dinində olmayan dövlətlər var. Elə İslam təsüfkeşi idilərsə, o hücum edənlər həmin dövlətlərin səfirliklərə hücum edərdilər, Azərbaycan səfirliyinə yox".

T.Abbaslı hesab edir ki,  burada dövlət önə çıxmalı, dövlətin simaları ictimaiyyət qarşısına çıxıb müsahibələr, izahatlar verməlidir: " Deputatlar öz dairələrində bu barədə məlumatlandırma aparmalıdırlar. İnsanların qarşısına çıxıb bu məsələyə izahat verməlidirlər. Qətiyyən törədilən bu təxribatla yeni fitnə ocaqlarının yaranmasına icazə verməməlidirlər. Biz özümüz müxalifət partiyası olaraq dünəndən bu işlə məşğuluq.   Partiya daxilində də, cəmiyyətdə də, müsahibələrimizdə də deyirik, ki bu vandalizm aktıdır. Bu axşam mənim də xalqa üç-beş dəqiqəlik bir müraciətim olacaq. Mən də orada öz fikirlərimi deyəcəm. Amma yenə qeyd edirəm ki, maarifləndirmə, insanları doğru yönə yönləndirmə və bu vəziyyətdən kiminsə istifadə etməməsi üçün addımlar atmalı olan sturuktur dövlətdir".

Ləman Sərvanqızı,

SİTAT.İNFO



Xəbər xətti