Sosial şəbəkələrdə Masallı rayonunda yerləşən Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevin damarlarını kəsərək intihara cəhd etməsi barədə məlumatlar yayılıb.
“Sitat.info” xəbər verir ki, məlumatlarda M.Nəbiyevin sələmçilər tərəfindən şantaj edildiyi, ondan külli miqdarda faiz tələb edildiyi və bu səbəbdən həyatına qəsd etdiyi bildirilib. Həmçinin onun Nadirov soyadlı iki qardaş tərəfindən 1 gün müddətində girov saxlanıldığı və bundan sonra özünə qəsd etdiyi qeyd edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:
“Həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya qəbul edilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Vəziyyəti ağır olduğundan o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Təfərrüatlar həmin şəxsin dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq”
/Qafqazinfo