MTN generalının 12 il həbsi tələb olundu

12:00 28 Sentyabr 2022

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Sitat.info xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. O, Nizami Şirinovun 12 il, Elcan Abdullayev və Nadir Tahirovun 11 il müddətinə azadlıqdan mərhum edilməsini tələb edib.

Qeyd edək ki, N.Şirinov MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq etməsinə görə Dilşad Aslanovdan 80 min dollar rüşvət alıb. Bundan başqa təqsirləndirilən şəxslər Milli Ordunun ehtiyatda olan polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən isə 150 min dollar vəsaiti hədə-qorxu və şantaj vasitəsilə əldə ediblər.

/Qafqazinfo

 



Xəbər xətti