Dayısı ilə birgə öldürdüyü şəxsin meyitini məktəbdə yandırdı

22:01 3 Oktyabr 2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 2020-ci il dekabrın 18-də şəhərin H.Z.Tağıyev qəsəbəsində 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlunun qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, ev alqı-satqısı xidməti (makler) göstərmiş və itkin düşmüş şəxs kimi axtarılan X.Əmirovun tanışları 1997-ci il təvəllüdlü Yusif Rəhimov və onun dayısı, 1991-ci ildə anadan olmuş Tehran Rəşidov tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı keçirilən prosesdə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, tamah məqsədi və ya sifarişlə adam öldürmə) maddələri ilə ittiham edilən dayıya 19 il, onun bacısı oğlu Yusif Rəhimova isə 18 il 6 ay müddətinə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, H.Z.Tağıyev qəsəbəsində “Əvəz” adı ilə məşhurlaşan Xanəli Əmirov qəsəbədə makler kimi tanınıb. Mərhum onu qətlə yetirən şəxslərlə əvvəldən normal münasibətdə olub. Belə ki, daha əvvəl X.Əmirovun vasitəçiliyi ilə Yusif Rəhimovun atasına məxsus olan ev satılıb. Yusifin dayısının isə Xanəliyə 1100 manat borcu olub. Tehran borclu olduğu şəxsdən canını qurtarmaq üçün narkotik aludəçiliyindən əziyyət çəkən bacısı oğluna Xanəlini öldürməsini təklif edib və birgə plan qurublar.

Plana əsasən Yusif Xanəli ilə yeyib-içmək məclisi təşkil edib, daha sonra onlara Tehran da qoşulub. Məclisdən sonra Yusif maklerdən ona kirayə ev verməsini xahiş edib. Onlar birlikdə qəsəbədəki evə baxmaq üçün gediblər. Burada Yusif arxadan sərxoş halda olan Xanəliyə hücum edərək ona çoxsaylı zərbələr endirib. Dayısı isə meyiti xalçaya bükərək evdən çıxarmaqda, həmçinin divarın qana bulanmış hissəsini yumaqda kömək edib.

Dayı və bacısı oğlu xalçaya bükülmüş meyiti Tehrana məxsus “Opel” markalı avtomobilə qoyaraq qəsəbənin Q.Qarayev küçəsində yerləşən 19 saylı orta məktəbin arxa tərəfinə gətiriblər və buradan məktəbin həyətinə keçirərək orta məktəb binasının zirzəmisinə atıblar. Daha sonra onlar benzin gətirərək məktəbin zirzəmisində X.Əmirovun meyitini yandıraraq izi itirməyə çalışıblar.

X.Əmirovun itkin düşməsindən sonra təxminən 2 ay müddətində axtarışlar aparılıb və onun qətlə yetirilməsi müəyyən edilib. Martın 15-də Y.Rəhimov və dayısı saxlanıldıqdan sonra onlar törətdikləri əməli etiraf ediblər və meyitin qalıqlarını gizlətdikləri yeri deyiblər. Sumqayıt şəhəri, 19 saylı məktəbin zirzəmisinə baxış keçirilərkən X.Əmirovun meyitinin qalıqları aşkar edilib.

Y.Rəhimov ifadəsində bildirib ki, həmin məktəbdə təhsil aldığı üçün orada istifadəsiz qazanxananın olduğunu bilib və bu səbəbdən qətlə yetirdiyi şəxsin meyitinin orada gizlədilməsini təklif edib.

Qeyd edək ki, məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb.



Xəbər xətti