İşlədiyi şirkətin pulunu mənimsədi: cinayət işi açıldı

18:08 13 Oktyabr 2022

Aqrar İnnovasiya və Təchizat Şirkəti QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Sitat.info-ya Füzuli Rayon Prokurorluğundan məlumat daxil olub.

Bildirilib ki, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Şamo Qarayevin təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 15 362 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.



Xəbər xətti