Mingəçevirdə məktəbli Orxan Kərimovu tapançadan açdığı atəşlə qətlə yetirən Əlvan Qasımovun məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Ə.Qasımov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sözügedən hadisə ötən ilin noyabrın 18-də Mingəçevir şəhərinin “Yeni Həyat” yaşayış massivində baş verib.
Məhkəmə zamanı Ə.Qasımov ifadəsində 16 yaşlı Orxan Kərimovu hansı səbəbdən öldürdüyünü açıqlayıb.
O bildirib ki, O.Kərimov dayısı oğlu Məhəmməd İsmayılovla birgə onun oğluna qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Ə.Qasımov bunu öyrənəndən sonra Orxanı öldürmək qərarına gəlib.
Əlvan qətlin baş verdiyi gün qonşuluqda şəhidin yas mərasiminə yollanıb və Orxanı da orada görüb. O, yas qurtardıqdan sonra axşam saatlarında evə gəlib və tikilidə gizlətdiyi tapançanı özüylə götürüb.
Ə.Qasımov marketdən siqaret alıb çıxarkən Orxanın tək piyada çayxanaya tərəf getdiyini görüb. Bir neçə dəqiqə sonra isə Orxan Kərimovun yanında həmyaşıdlıları ilə birlikdə çayxanadan çıxıb ev tərəfə getdiyinə şahidlik edib. Orxangilin yanından keçərkən Orxan Kərimov və yanındakı həmyaşıdları uca səslə gülməyə başlayıb. Təxminən bir-iki metr həmin şəxslərdən uzaqlaşsa da, artıq səbri çatmayıb və yığılmış kütləyə tərəf geri qayıdıb. O, iç cibindən “Makarov” tipli tapançanı çıxararaq Orxana güllə qurtarana qədər atəş açıb. Silahda güllə qurtardığından atəşi dayandırıb, daha sonra tapançanı əlində saxlayaraq evə gedib.
Evə daxil olan kimi oğluna Orxanı öldürdüyünü deyib və ailəsi ilə vidalaşıb. Bir neçə dəqiqə sonra isə onun evinə gələn polis əməkdaşlarına təslim olub.
O, silahı necə əldə etdiyindən də danışıb. Əlvanın sözlərinə görə, o vaxtilə N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsini icra edib. Qasımov silahı 2002-ci ilin aprel ayında əsir götürdüyü erməni zabitinin üzərindən götürdüyünü, o vaxtdan özüylə saxladığını bildirib.